2020-ci ildə fəaliyyətə başlayan və Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) Azərbaycandakı ilk üzvü olan Teyit Azərbaycancanın ikinci ildönümünü qeyd edirik. İki il ərzində yüzlərlə iddianı araşdırdıq, müxtəlif böhranların bu coğrafiyada yanlış məlumat mühitini necə formalaşdırdığının şahidi olduq. Azərbaycanda yayılan şübhəli iddiaları araşdırarkən Teyit-in illərdir Türkiyədə tətbiq etdiyi güclü metodologiyası və yayım prinsipləri, araşdırma mərhələlərində ən böyük üstünlüyümüz olub.
Azərbaycan “fakt yoxlama” anlayışının yenicə qavranmağa başladığı, yanlış məlumatın isə “saxta xəbər” başlığı altında ümumiləşdirildiyi bir media mühitinə sahibdir. Aşkarlanan yanlış məlumatlar da bir çox halda “dezinformasiya” kimi qələmə verilir. Bu qavram qarışıqlığında media savadlılığı çatışmazlığının da payı var. Teyit Azərbaycancada iki illik səyimiz bu vəziyyətin bir az da olsa dəyişməsi üçündür.
Azərbaycanda Telegram-dan istifadə getdikcə populyarlaşır
Azərbaycanda Facebook və Instagram-dan istifadə Twitter ilə müqayisədə daha yüksəkdir. Bu da Teyit-in Azərbaycanda Facebook əməkdaşlığında həyata keçirdiyi üçüncü tərəf xəbər yoxlama proqramını əhəmiyyətli edən bir amildir. Lakin siyasətinə və xüsusiyyətlərinə görə bu platformlardan ciddi formada fərqlənən bir tətbiq daha mövcuddur. Bu tətbiq sadəcə Azərbaycanda deyil, dünyanın bir çox yerində sürətlə yayılır: Bir çox post-sovet ölkələrində də yayılmış olan Telegram.
İkinci Qarabağ müharibəsinin ardından hazırladığımız yanlış məlumat hesabatında, Telegram-ın Azərbaycanda məlumat paylaşımı baxımından geniş formada istifadə olunduğunu aşkarlamışdıq. Müharibənin gedişatı ilə bağlı xəbərlər və görüntülər kanallarda tez-tez paylaşılırdı. İkinci ilimizdə bu halın sadəcə Qarabağ müharibəsinə xas olmadığını gördük.
Telegram digər sosial media platformlarının siyasətlərindən qaçmağa çalışan məzmun yaradıcıları və istifadəçilər arasında hər yerdə yayılır. Xüsusilə Türkiyədəki peyvənd əleyhinə qruplar Telegram-ı əsassız məlumat paylaşımı üçün bir vasitə kimi istifadə edir. Teyit Azərbaycancada qazandığımız bu təcrübə Türkiyə tərəfində də Telegram-ın potensialını görməyimizə səbəb olub.
Azərbaycandakı Instagram və Facebook səhifələri Telegram kanallarına istifadəçi cəlb etmək üçün həssas görüntüləri məhdudiyyət olmadan paylaşma xüsusiyyətini istifadə edir. Azərbaycanda yayım edən Telegram kanallarının izləyici sayı 50 minə qədər yüksələ bilir. Ukrayna və Rusiya müharibəsinin də təsiri ilə istifadəçi sayında artış olduğunu söyləmək mümkündür.
Ukrayna-Rusiya müharibəsi hələ də gündəmdədir
Ukrayna Rusiya müharibəsinin Azərbaycanda gündəm olması təsadüfi deyil. Azərbaycan cəmiyyətinin regionla dərin siyasi münasibətlərinin yanı sıra, keçmiş qohumluqlara əsaslanan sosial bağlar da mövcuddur. Dövlət məktəblərində rus dilində təhsil alan şagirdlər, qohumlarının bir qismi Rusiya və yaxud Ukraynada işləməyə gedənlər, övladları bu ölkələrdə təhsil alan ailələr və ölkələr arasındakı münasibətləri də nəzərə aldıqda məlumat axışı dil maneəsi olmadan baş verir. Türkiyədən fərqli olaraq Azərbaycanda müharibə gündəmdə qalmağa davam edir.
Müharibənin başladığı və gərgin məzmun axışının olduğu günlərdə Teyit Azərbaycancada araşdırdığımız şübhəli iddiaların demək olar ki, hamısı Ukrayna və Rusiya münaqişəsi bağlı idi. İddiaların büyük bir qismi isə müharibə ilə əlaqələndirilən yanlış görüntülərdən ibarət idi. Türkiyədə tərcümə səhvlərinə görə meydana gələn iddialara Azərbaycanda çox rast gəlməməyimizin səbəbi isə yenə dil məsələsi ola bilər.
Azərbaycan Ermənistan münaqişələrində olduğu kimi bu müharibədə də Bayraktarlar ön plandadır. Yanlış olduğunu aşkarladığımız görüntülərin bir qismi isə Arma3 kimi video oyunlarından idi. Real olduğu düşünülən kadrlar Ukrayna-Rusiya müharibəsindəki Bayraktarları göstərdiyi iddiası ilə paylaşılırdı. Bu hal sadəcə Azərbaycana məxsus da deyil. Video oyunlarındakı ilərləyişlər dünyanın hər yerində istifadəçilərin bu videoları həqiqi sanmasına səbəb ola bilir.
Rusiya və Ukrayna münaqişəsi Azərbaycanda təcrübə etdiyimiz ilk böhran deyildi. Münaqişə kateqoriyasındakı böhranların bənzər tərəfi isə xətalı əlaqələndirilən foto və videoların çoxluğudur. Bu hal ölkədə rəqəmsal media savadlılığının səviyyəsi haqqında bizə işarə verir.
İki il boyunca Covid-19 pandemiyası, müharibələr, digər qlobal problemlər ətrafında formalaşan media mühitində müxtəlif yanlış məlumat növləri ilə qarşılaşdıq. Pandemiyanın ardından başlayan Azərbaycan və Ermənistan münaqişəsində iki böhranın ortasında növbəli işlədiyimiz günlər oldu. Türkiyədəki meşə yanğınları, Əfqanıstanda Talibanın idarəetməni ələ keçirməsi kimi dünyanın fərqli yerlərində baş verən hadisələrin ölkə gündəmində öz əksini tapdığını gördük.
Covid-19 pandemiyasının təsirlərinin azalması ilə birlikdə pandemiya iddialarının da azaldığını deyə bilərik. Lakin Nipah və yaxud meymunçiçəyi kimi viruslarla bağlı yanlış məlumatların gündəmə gəlməsi bəzən cəmiyyətdə yeni pandemiya qorxusuna səbəb ola bilir.
Ötən iki il bizə Azərbaycandakı yanlış məlumat mühiti haqqında məlumat verərkən, böhran dövründə fakt yoxlama ilə bağlı təcrübə də qazandırdı. Növbəti illərdə də fakt yoxlama səylərimizi davam etdirməyi və Azərbaycandakı media ekosisteminə töhfə verə bilməyi ümid edirik.