Sosial mediada yayılan bir iddiaya görə Zambiyada Elizabeth Bwalya Mwewa adında bir tibb bacısının ölüm yatağında 5 mindən çox körpənin yerini zövq üçün dəyişdiyini etiraf edib.
İddianı araşdıranda mənbənin Zambian Observer olduğunu görürük. İnternet saytında mövzu ilə bağlı araşdırma etdikdə 3 aprel 2019-cu ildə yayınlanmış bir xəbəri tapmaq mümkündür.
Xəbərdə Mwewa adlı tibb bacısının iddia edilən açıqlamaları var. Lakin həmin xəbər saytında açar sözlərlə axtarış etdikdə görürük ki, xəbərin yayınlanmasından üç gün sonra yayınlanan və xəbərin yanlış olduğu bildirilən bir yazı daha mövcuddur. Bu xəbərdə isə mövzunun yayılmasının ardından araşdırma başlandığı və Zambiyadakı tibb bacılarının qeydiyyatda olduğu sistemdə bu adda biri olduğu aşkarlanmayıb. Eləcə də hadisənin yaşandığı iddia edilən xəstəxana da bu adda birinin heç vaxt işləmədiyi araşdırma nəticəsində müəyyənləşdirilib. Eyni məlumata Lusaka Times-da da yer verilib.
İddiaların yayıldığı tarixlərdə AFP də Zambiya Tibb Bacıları Birliyi ilə əlaqə saxlayaraq iddia haqqında məlumat tələb edib. Qurumdan gələn açıqlamda da araşdırma aparıldığı və sistemdə belə bir adda tibb bacısı olmadığı vurğulanıb.
İddia AFP Fact Check, Snopes, Africa check və Doğruluğu Ne kimi platformlar tərəfindən də araşdırılıb və yanlış olduğu ortaya qoyulub.