Sosial şəbəkədə paylaşılan bir videonun Rusiyaya məxsus “Moskva” kreyserinin vurulduğu anı göstərdiyi iddia olunub.
Video 2013-cü ildəndir
Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə Yandex-də araşdırdıqda, görüntünün 2013-cü ildən bəri yayıldığını görürük.
Video 2013-cü ildə fərqli YouTube kanallarında Norveç Silahlı Qüvvələrinin bir gəmini vurduğu açıqlaması ilə paylaşılıb. Açar sözlər ilə axtarışa davam etdikdə, videonun Norveç ordusu tərəfindən aparılan test vuruşunu göstərdiyini öyrənirik. 2013-cü ildə yayılan xəbərlərə əsasən Norveç, dənizdəki hədəflərə yönəlik istehsal olunan dörd metr uzunluğundakı “Naval Strike Missile” raketi ilə test məqsədi ilə öz gəmisi olan “KNM Trondheim” adlı gəmiyə hücum edilib. Daha sonra hücum edilən gəmi təhlil etmək üçün limana aparılıb.
Aprelin 13-də batan Rusiyaya məxsus “Moskva” kreyserinin necə batdığına dair Rusiya açıqlamasında bunun bir partlayış nəticəsində baş verdiyini, rəsmi Kiev isə açıqlamasında Ukrayna istehsalı olan "Neptun" raketləriylə vurulduğunu deyir.
Hər iki iddia da tərəfsiz mənbələr ilə təsdiqlənə bilmir. Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralında başlayan münaqişələr hələ də davam edir.
İddia daha əvvəl Reuters, Fakt Yoxla, India Today və Maldita tərəfindən də yanlışlanıb.