24 fevral 2022-ci ildə Rusiya və Ukrayna arasında başlayan münaqişənin ardından internetdə aktual hadisələr ilə əlaqəsi olmayan kadrlar da yayılmağa başladı. Bu videolardan birinin Ukraynanın paytaxtı Kiyevdə küçələrdə ölkəsini müdafiə edən ukraynalıların rus tanklarına molotov kokteyli atdığını göstərdiyi iddia olunub.
Video 2014-cü ildə keçirilən “Maidan” aksiyalarındandır
Videodan alınan ekran görüntüləri Yandex-də əks axtarış üsulu ilə araşdırdıqda köhnə tarixli paylaşımlara rast gəlmək mümkündür. Videonun yer aldığı rusca xəbərlər 2014-cü ildəndir. 18 fevral 2014-cü ildə paylaşılan video Kiyevdə “Maidan” aksiyalarında zirehli maşına molotov kokteyli atıldığını göstərir, yəni aktual hadisələrlə əlaqədar deyil.
Videonun eyni anda qarşıdakı səkidən çəkilən versiyasını da tapmaq mümkündür. Maşının yanından keçdiyi lövhə, maşının çırpıldığı yerdə görünən Ukrayna bayrağı və pankartlardan videoların eyni anda çəkildiyini təsdiqləmək mümkündür.
2013-cü ilin noyabr ayında Ukraynada dövrün prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə siyasi birlik və azad ticarət müqaviləsini imzalamağı rədd etməsinin ardından ölkədə etiraz aksiyaları başladı. Ukraynanın paytaxtı Kiyevdə, Azadlıq Meydanında keçirilən etiraz aksiyalarında 2014-cü ilin fevral ayında ən az 50 aksiyaçı həyatını itirdi.
2022-ci ilin fevral ayında meydana gələn hadisələrin ardından Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətinin rəsmi Facebook səhifəsindən 25 fevral tarixində paylaşılan məlumatda molotov kokteylinin necə hazırlandığına dair foto və şəhəri müdafiə etmək üçün tövsiyələr yer alıb.
Ukrayna prezidenti Zelenkski fevral hadisələrində 300-dən çox şəxsin yaralandığını, 137 mülki və əsgərin həyatını itirdiyini açıqlayıb. Son günlərdə Avropa Birliyi və ABŞ, İngiltərə ilə birlikdə bir çox ölkə Rusiyaya qarşı sanksiyalarını açıqladı.