Sosial şəbəkədə yayınlanan bir videonun Azərbaycan cəbhə xəttinin Tovuz istiqamətində gedən döyüşlə bağlı olduğu iddia edildi. Video həm Twitter-da, həm YouTube-da həm də Facebook-da paylaşıldı. Bu iddia həm də Türkiyədən olan sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşıldı.
Lakin iddia doğru deyil. Görüntülər 2012-ci ildəndir və Rusiyanın Cənubunda keçirilən “Qafqaz 2012” hərbi təlimlərindəndir.
Video Tovuzdakı döyüşləri göstərmir
Açar sözlər ilə YouTube-da axtarış etdiyimiz zaman bu videonun 2014-cü il 25 yanvar tarixində paylaşılmış Tovuzdan olduğu iddia edilən digər versiyanı da tapmaq mümkündür.
2014-cü ildə videonun YouTube-da paylaşıldığı yəni 25 yanvar tarixi də daxil olmaqla 1-25 yanvar tarixləri arasında Tovuz rayonunda baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi mənbələrə baxaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytındaki Cəbhə Xəbərləri bölməsində 2014-ci ilin 9-10-11-22-23-25 yanvar tarixlərində Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərin və adsız yüksəkliklərdə yerləşən mövqelərin atəşə tutulduğuna dair açıqlamalar mövcuddur. Lakin 2014-ci ildə paylaşılan iddia da yanlışdır. Biraz daha axtarış etdikdə videonun 2014-ci ildən də əvvəl YouTube-da yüklənmiş versiyasını tapmaq mümkündür.
Videonun 2012-ci ildə Rus dilində açıqlama ilə paylaşılmış 2 versiyasını tapmaq mümkündür. Videolardan biri 19 sentyabr 2012 tarixində Учения "Кавказ-2012", ночная атака başlığı ilə, digəri 23 sentyabr 2012-ci ildə Кавказ-2012. Ночные стрельбы на полигоне "Раевский" başlığı ilə paylaşılıb.
Bu videoların rus dilində yazılmış başlıqları əslində bizə videonun realda nəyi əks etdirdiyini tapmağa köməklik edir. “Qafqaz-2012”nin nə mənaya gəldiyini Google-da araşdırdıqda Vikipediyada bu başlıq ilə açılmış səhifə tapmaq mümkündür. Vikipediyadakı məqalədə “Qafqaz-2012”nin açıqlaması belə verilib:
“Qafqaz 2012, Rus Silahlı Qüvvələrinin yay təlimlərinin sonunda 17-23 sentyabr tarixləri arasında Cənub Hərbi Dairəsində həyata keçirilən strateji komandanlıq postu təlimləridir. Təlimlərin mövzusu qabaqcıl avtomatlaşdırılmış komandanlıq və idarəetmə sistemlərindən istifadə edərək, yüksək dəqiqlikli silahlardan və yeni növ silahlardan istifadə etməklə komandir heyətinin və şəxsi heyətin düz çöl şəraitində qoşunların planlaşdırılması və istifadəsi sahəsində praktik bacarıqlarının artırılmasıdır. Təlimlər 4 poliqonda keçirilir: Prudboy, Kapustin Yar, Ashuluk və Rayevski.”
Rusiya Prezidentinin rəsmi internet səhifəsində də bu haqda olan xəbərdə də videodakı görüntülərə bənzər fotolar mövcuddur. Xəbərə görə Rusiya prezidenti Vladimir Putin Qafqaz 2012 təlimlərinin həyata keçirildiyi "Rayevski" poliqonunda əsgər və zabitlərin manevrlərini izləyib.
Nəticə etibarilə 12 iyul tarixində Tovuz rayonu istiqamətindəki qarşıdurmanı göstərdiyi iddia edilən görüntülər köhnədir və başqa hadisəni əks etdirir. Bu iddianı yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə misal göstərmək olar.