İnternetdə yayılan iddialarda Səudiyyə Ərəbistanındakı bir çölün ortasında ilk dəfə su çıxdığı və çay əmələ gətirdiyi iddia edilib. Sosial mediada görüntünü “qiyamət əlaməti” kimi şərh edən istifadəçilər də olub.
Görüntünün səbəbi yağışlardır
İddia videosunu izlədikdə onun TikTok-dan götürüldüyünü görürük. TikTok-dakı hesab iddia videosuna bənzər bir neçə video daha paylaşıb.
Əks axtarış və açar sözlərin köməyi ilə kadrları araşdırdıqda, videonun Al Jazeera Mubasher-də paylaşıldığını aşkarlayırıq.
16 avqust 2022-ci ildə paylaşılan videonun ərəbcə açıqlamasını Google Translate ilə tərcümə etdikdə, videonun Ərəb yarımadasında “Empty Quarter” olaraq bilinən Rub əl-Xali qum səhrasından olduğunu öyrənirik. Səhranın Nafud Al-Dahi bölgəsindən olan video yağışları göstərdiyi məlumatı ilə birlikdə paylaşılıb.
Açar sözlərlə axtarışa davam etdikdə, görüntülərlə bağlı Al Arabiya-da yayımlanmış başqa bir xəbərə rast gəlirik. Güclü yağışlar nəticəsində yaranmış mənzərə ilə bağlı xəbər kanalına müsahibə verən meteorologiya üzrə ekspert Dr. Khaled Al-Zaqaq, iqlim böhranının da təsirləri ilə bu dəyişikliyin qaçınılmaz olduğunu vurğulayıb.
Səhradakı yağışlar ilə bağlı keçmişdəki xəbərləri araşdırdıqda, 2018-ci ildə yayımlanan xəbərlərə rast gəlirik. Paylaşılan informasiyada, “Empty Quarter” yəni Rub əl-Xali qum səhrasında yağan yağışların göllər əmələ gətirdiyi qeyd olunub. NASA saytında yağışdan əvvəl və sonrasına aid müqayisəli fotolar yayımlayıb.
Mənbə: NASA Earth Observatory
NASA-nın paylaşdığı məlumatda, 2018-ci ildəki Mekunu qasırğasının səhraya yağışlar yağmasına səbəb olduğu bildirilib. Eləcə də quraq ərazi olaraq bilinən Rub əl-Xali qum səhrasında bu halın nadir olduğu vurğulanıb.