Sosial mediada paylaşılan bir videonun Ukrayna Rusiya müharibəsindən olduğu iddia edilib. İddiada videonun ukraynalıların rus əsgərlərə qarşı çıxdıqlarını göstərdiyi qeyd edilib.
Video müharibədən əvvələ aiddir
Videodan alınan ekran görüntülərini Yandex-də əks axtarış üsulu ilə araşdırdıqda keçmiş tarixli xəbərlərə rast gəlirik. 2017-ci ilin mart ayında paylaşılan videonun Konstantinovkadan olduğu deyilir. Açar sözlər ilə axtarışa davam etdikdə, həmin gün çəkilən başqa videolara rast gəlirik.
Videonun eyni gün çəkildiyini təsdiqləmək mümkündür.
15 mart 2017-ci ildə Donetsk ərazisində, Konstantinovkadakı bir nəzarət nöqtəsində çəkilən videoda məntəqənin əsgərləri ilə vətəndaşlar arasında qarşıdurma baş verir. Videoda danışılanlara əsasən sərəncama görə məntəqədə keçidə icazə verilmir.
Videonu izləyərkən polis maşınlarını da görmək mümkündür. Eləcə də videodakı uniformalarda Ukrayna bayrağının olması, ukrayna dilində polis mənasına gələn “поліція” yazılı polis qol nişanının olması həmin şəxslərin Rusiya əsgəri olmadığını göstərir.
Video açıqlama ilə birlikdə eyni tarixdə Ukrayna Müdafiə Nazirliyinin Facebook səhifəsində də paylaşılıb.