Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci il tarixində Azərbaycanda keçirilən Zəfər Paradında söylədiyi bayatıdan sonra İran, Tükkiyə prezidentinin oxuduğu şeir ilə bağlı öz mövqeyini açıqlamışdı. Sosial şəbəkələrdə paylaşılan videoların İranın açıqlamasından sonra orada yaşayan cənubi azərbaycanlıların Tükiyəyə dəstəyini göstərdiyi iddia olundu.
Videolar Ərdoğanın şeir söylədiyi gündən əvvələ aiddir
İddia videolarını axtarış motorlarında araşdırdığımız zaman əslində 10 dekabr tarixində keçirilən paraddan daha əvvələ aid paylaşılan videolar var. Birinci videodakı görüntüləri müqayisə etdikdə eyni olduğu anlaşılır. 5 sentyabr 2020-ci il yəni paraddan üç ay əvvəl video internetə yüklənib.
Videonu izlərkən maskalı şəxslər nəzərə çarpır. Bu videonun Covid-19 dövründə çəkildiyinə işarə olsa da, sentyabr ayından daha əvvələ də aid ola bilər. Lakin geyimlərin qısa olması bizə bu videonun dekabrdan olmadığına işarə verir.
Hər iki videoda da müqayisə etdikdə iki maskalı şəxsin eyni olduğu anlaşılır. Bundan əlavə videonun orijinal versiyasında sadəcə “Ne Mutlu Türküm Diyene” yazdığı halda, iddia videosuna “İran höküməti Ərdoğanın söylədiyi şeirə etiraz edəndən sonra Təbriz ayağa qalxıb” cümləsinin, Azərbaycan və Türkiyə bayraqlarının da əlavə edildiyini görürük.
Videoda “Ne Mutlu Türküm Diyene”, “Bakı Təbriz Ankara, Biz Hara Farslar Hara” və şüarlarının səsləndirildiyi eşidilir. İddia videosunun orijinalı olan və 5 sentyabr 2020-ci il tarixində yüklənən videonun açıqlama qismində isə İranın Təbriz şəhərinin futbol komandası Traktordan bəhs edilir.
Bu şüarların səsləndiriyi digər videoları araşdırdıqda da 4 sentyabr 2020 tarixində bir çox fərqli şüarın səsləndirildiyi və fərqli bucaqlardan da çəkilmiş videolarun olduğu bir kanala rast gəlirik. İddia videosu ilə bu videolardakı bəzi nəzərə çarpan detalları müqayisə etdikdə eyni məkandan olduğu anlaşılır.
Eyni zamanda futbol klubu Traktorun bayrağı və klubun formasını geyinən insanlar da bu videonun Traktor azarkeşlərinin hansısa bir oyun sonrasında səsləndirdiyi şüarlarını göstərdiyini deməyə əsas verir.
Videoların açıqlama qismində Təbrizdən olduğu qeyd olunub lakin Google Xəritələr ilə Təbriz küçələrini görüntüləmək mümkün olmadığı üçün videonun qeyd olunduğu məkanı dəqiqləşdirmək mümkün olmur. Lakin Ərdoğanın Azərbaycanda Zəfər Paradında şeir söyləməsindən əvvələ aid olduğunu dəqiqləşdirmiş olduq.
İkinci video isə həm qaranlıq çəkiliş olduğu üçün həm də videonun keyfiyyəti yüksək olmadığı üçün aydınlaşdırmaq daha da çətinləşir. Lakin videoda “Azərbaycan var olsun istəməyən kor olsun” cümləsi aydın şəkildə eşidilir. Bu kəlimələri istifadə edərək axtarış etdikdə isə videonun daha köhnə paylaşılmış versiyasını tapmaq mümkündür. Videonun harada və hansı tarixdə çəkildiyini hələlik dəqiqləşdirməsək də 10 dekabr Ərdoğanın şeir söyləməsindən daha əvvəl, 2020-ci ilin 13 iyul tarixində internetdə paylaşıldığını görürük. Yəni video Zəfər Paradından əvvələ aiddir, şüar səsləndirən şəxslərin şeir ilə bağlı dəstəyini göstərmir.
Bəzən keçmiş tarixə aid və fərqli bir situasiyanı əks etdirən görüntülər və ya sitatlar yeni kimi paylaşılır. Azərbaycan və Ermənistan arasında müharibənin başladığı 27 sentyabr tarixindən, başa çatdığı 10 noyabr tarixinə qədər Teyit komandasının araşdırdığı və yanlış olduğunu aşkarladığı yanlış məzmunların 69.9 faizi fərqli hadisələri göstərən yanlış görüntülər idi. 44 gün ərzində araşdırdığımız iddiaları dərindən təhlil etdiyimiz “Yanlış məlumat hesabatı: Azrəbaycan-Ermənistan münaqişəsi | 27 sentyabr - 10 noyabr” adlı hesabatımız yayındadır. Azərbaycan dilində oxumaq və yükləmək üçün bu linkə klikləyə bilərsiniz.