Sosial şəbəkədə bir video Pakistan ordusunun Azərbaycana dəstək verdiyini göstərdiyi iddiası ilə yeni bir video kimi paylaşıldı.
Lakin iddia doğru deyil. Video 2019-cu ildəndir və Pakistanda hər il qeyd olunan “Pakistan Günü”-ndəndir.
Videoda Pakistan Günü qeyd edilir
Bu iddialardan ən köhnəsi 16 iyul Gülüş Şəbəkəsi adlı Facebook səhifəsində "Pakistan həmişə olduğu kimi bu dəfə də yanımızdadır" açıqlaması ilə paylaşılıb. Lakin səhifənin açıqlama qismində "Bu səhifə ən maraqlı və gülməli videolar səhifəsidi" yazılıb və özünü Facebook-da "Komedi kulübü" olaraq kateqoriyalandırıb. Digər səhifələr isə bu paylaşımı doğru kimi başa düşərək "Pakistan ordusundan Azərbaycana dəstək" açıqlaması ilə paylaşıb.
Videodan aldığımız ekran görüntülərini axtarış motorlarında əks axtarış üsulu ilə araşdırdıqda əslində videonun 12 iyul 2020-ci il Tovuz istiqamətində başlayan döyüşlərdən əvvəl, 2019-cu il 23 martında paylaşıldığını görürük. Voice of Pakistan adlı kanalda bu video “Pakistan Günü” və “23 Mart 2019” etiketləri ilə paylaşılıb.
Pakistan Günü, 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə Pakistanın qurulması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayramdır. Hər il 23 mart tarixində qeyd edilən “Pakistan Günü” və ya “Pakistan Milli Günü” olaraq da adlandırılan bayramda hərbi paradlar təşkil edilir. 2019-cu ildə həmin paradda Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edib. Həmin parad zamanı çəkilmiş fotoları və videonu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də görmək mümkündür.
İddialar Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində 12 iyul 2020-ci ildə başlayan döyüşlərdən bir neçə gün gün sonra 16 və 17 iyulda paylaşılıb. Şərhlərdən də bu videonun yeni olduğu və videonun bu döyüşlərdə Pakistanın Azərbaycana dəstək verdiyini göstərdiyi kimi başa düşüldüyü görülür. Pakistan Xarici İşlər Nazirliyi, Tovuz istiqamətində gedən döyüşlərlə bağlı 14 iyul 2020-ci ildə bəyanat yaydı. Bəyanatda yazır:
“Pakistan, Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna olan hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı veririk.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizlik üçün geniş miqyaslı nəticələri olan ciddi təhlükə yaradır.
Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq birliyin diqqətini yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarında bildirildiyi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur.
Pakistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk mövqeyini və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha təsdiqləyir".
Pakistan Azərbaycanı dəstəkləyən bəyənat yayıb, lakin iddiadakı video Pakistan ordusunun Azərbaycana Tovuz döyüşləri ilə əlaqədar dəstəyindən deyil, video 2019-cu il 23 martda keçirilən hərbi paradda ölkəni Azərbaycan Ordusunun parad heyətinin təmsil etdiyi bir gündə qeydə alınıb.
Nəticə etibarilə Pakistan ordusunun Azərbaycana dəstək verdiyi iddiası ilə paylaşılan video əslində 2019-cu il 23 martda Pakistan Günündə keçirilən hərbi paraddandır. İddia bu halı ilə yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqəndirməyə nümunədir.