“Tik-Tok”da edilən paylaşımlardan birində Burak Özcivitin zəlzələ baş verən ərazidəki axtarış-xilasetmə tədbirlərinə qatıldığı iddia edilib. 2023-cü il fevralın 6-da Kahramanmaraş zəlzələsindən sonra yayılan video “Facebook”da milyonlarla baxış sayı əldə edib.
Görüntü serial çəkilişlərindən birində qeydə alınıb
Paylaşımdan götürülən görüntüləri əks şəkil axtarışı üsulu ilə araşdırarkən videonun Burak Özcivitin rol aldığı və 2015-2017-ci illərdə yayımlanan “Kara sevda” serialının ilk seriasına aid olduğu ortaya çıxır.
Serialda mədən mühəndisi olan Kamal adlı qəhrəmanı canlandıran Burak Özcivit mədəndə baş verən qəzadan sonra ortaya çıxaraq müxbirin suallarını cavablandırır. Səhnə videonun 09:52-ci dəqiqəsindən etibarən başlayır.
Burak Özcivit “Instagram” hesabından paylaşdığı hekayə və paylaşımlarda insanları zəlzələ baş verən ərazidəki ehtiyaclar haqqında məlumatlandırmağa və yardım çağırışları etməyə davam edir.