Sosial şəbəkədə viral olan bir videonun Qvineya Respublikasının prezidenti Alpha Condenin əmək nazirini döydüyünü göstərdiyi iddia edildi. İddia Report, Sputnik Azərbaycan, Qafqazinfo, XəzərXəbər, AzərTac kimi xəbər saytlarında paylaşıldı.
Görüntülər Ekvatorial Qvineyadakı bir universitet davasındandır
Google’da açar sözlər ilə axtarış etdiyimiz zaman ərəbcə yoxlama platforması Misbarın məzmununu görürük. Analizdən videonun 2018-ci ildən bu yana internetdə olduğunu və əslində Ekvatorial Qvineyada çəkildiyi məlumatını əldə edirik.
Buradakı məlumatları doğrulamaq üçün videonun adını tərcümə edərək görüntüləri araşdırırıq. Ekvatorial Qvineya Milli Universitetindən (UNGE - Universidad Nacional de Guniea Ecuatorial) Filberto Monayong adlı bir professorun qarışdığı dava ilə bağlı məlumatları əldə etdikdən sonra videodakı ən nəzərə çarpan işarə olan heykəli Google xəritələrdə araşdırırıq.
Çıxan nəticədən universitetin həyətindəki heykəlin fərqli bir bucaqdan çəkilmiş şəklini tapırıq. Eyni zamanda universitenin rəsmi internet səhifəsindəki şəkillərdən də eyni heykəlin olduğu qismin fərqli bir bucaqdan olan fotoları mövcuddur.
Ekvatorial Qvineyanın rəqəmsal qəzeti olan Diario Rombenin yayınlanmış bir məqaləsində də tələbələr ilə İnformasiya Şöbəsinin müdiri Filiberto Monayongun açıqlamaları mövcuddur. Buradan universitetdə Filiberto Monayong adlı professor olduğunu da doğrulamış oluruq.
Avtomobilin nömrəsi də Ekvatorial Qvineyadandır
Videodakı digər nəzərə çarpan işarə də avtomobilin nömrəsidir. Videodakı nömrə ağ və iki hərf + üç rəqəm + bir hərf formuluna sahibdir.
Qvineyadakı yerli hökumət avtomobillərinin nömrəsi iki hərf + dörd rəqəm + üç hərfdən ibarətdir. Ekvatorial Qvineyadakı nömrələr isə iddia videosundakı kimi iki hərf + üç rəqəm + bir hərfdir.
AFP də keçmiş UNGE tələbəsi Mariano Nguema ilə əlaqə saxlayaraq hadisənin 2016-ci il martında baş verdiyini öyrənib, bu mənbəyə görə hadisənin səbəbi dissertasiya mərhələsindəki bir tələbənin Monayong ilə yaşadığı problem imiş. Les Observateurs da öz analizində UNGE-nin rəsmi açıqlamasına yer verib.
Qvineya Respublikasının prezidenti Alpha Condenin əmək nazirinə fiziki şiddət göstərdiyinə dair mediada hər hansı bir xəbər yoxdur. Cheick Oumar Dialloya 19 iyun 2020 tarixli prezident qərarına əsasən Qvineya Sosial Hüquq və Əmək Naziri vəzifəsi verilib.
Ekvatorial Qvineya da, Qvineya Respublikası da Afrikanın Atlantik sahillərindədir və hər iki ölkə də prezidentli respublika olaraq idarə olunur. Qvineya Respublikası müstəqilliyini 2 oktyabr 1958-ci ildə Fransadan qazandı. Ekvatorial Qvineya isə 12 oktyabr 1968-ci ilə qədər İspanya müstəmləkəsi idi.