Sosial şəbəkədə bəzi səhifələr paylaşdıqları videonun Azərbaycan ordusunun Ermənistana atəş açdığını göstərdiyini iddia etdi. Videonun 14 iyula aid olduğunu iddia edən paylaşım 2 min 4 yüzdən çox Facebook istifadəçisi tərəfindən görüldü, 958 dəfə paylaşıldı.
Lakin iddia doğru deyil. Bu video Facebook-a Tovuz döyüşlərindən əvvəl 2017-ci il noyabr ayının 1-də yüklənib.
Video 2017-ci ildə də paylaşılıb
Azərbaycan ordusunun Ermənistana atəş açdığı iddiası ilə paylaşılan videodan bir neçə ekran görüntüsü aldıqdan sonra bunları Google, Yandex və Bing kimi axtarış motorlarında araşdırırıq. Daha sonra internetdə çıxan nəticələrdə bu videonun Azərbaycan və Ermənistan arasındakı Tovuz döyüşlərinin başladığı 2020-ci il iyulun 12-dən daha əvvəl bir tarixdə, 2017-ci ilin noyabrında Facebook-a yükləndiyini görürük.
Video, Suriyadakı döyüşlərin xəritələndirildiyi səhifədə, 1 noyabr 2017-ci ildə Suriya Ordusuna bağlı 10-cu Tümənin, Beit Jinn bölgəsini bombaladığına dair məlumat ilə paylaşılıb.
Eyni video 2018-ci ildə, Türk Silahlı Qüvvələri tərəfindən Suriyanın Əfrin bölgəsindəki PKK/PYD/YPG və İŞİD hədəflərinə yönəlik hazırlanan əməliyyat olan Zeytun budağı əməliyyatından (türkcə: Zeytin Dalı Harekâtı) olduğu iddiası ilə paylaşılmışdı. Lakin iddianın doğru olmadığını Teyit bildirmişdi.
Türkiyədə 2018-ci ildə yayılan iddialarda videonun altında yazılan “Viva Video”, 2017-ci ildə Facebook-a yüklənən videoda “Made with Video Show” yazısının altında qalıb. Bu da videonun 2017-ci il 1 noyabr tarixindən daha əvvələ aid olduğu ehtimalını göstərir ancaq internetdə daha əvvəl yüklənmiş bir dəlil tapılmadı. Videonun haradan olduğu və nə vaxt çəkildiyini demək üçün güvənli bir mənbə mövcud deyil. Lakin 2017-ci ildən internetdə paylaşıldığı üçün 12 iyul 2020-ci il başlayan Azərbaycanın Tovuz istiqamətindəki döyüşlərdən olmadığı dəqiqdir.
Nəticə etibarilə Facebook-da yayılan bir videonun Azərbaycan ordusunu göstərdiyi iddiası doğru deyil. Video Tovuz döyüşlərinin başladığı 12 iyul 2020-ci ildən daha əvvəlki tarixlərdə paylaşılmış versiyaları mövcuddur. Bu iddianın yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə misal göstərmək olar.