Dünya çempionatı dekabrın 18-də final qarşılaşması ilə başa çatıb. Finalda Fransanı penallaşma ilə məğlub edən Argentina çempion olub.
Lakin mövzu haqqında iddialar hələ də bitməyib. Argentina azarkeşlərinin bir evin qarşısında qələbə sevincini göstərən video sosial mediada sürətlə yayılıb. İddiaya görə azarkeşlər Lionel Messinin nənəsinin evinin qarşısında sevinclərini paylaşıblar.
Videodakı şəxs Messinin nənəsi deyil
Videonu əks şəkil axtarışı vasitəsilə araşdırarkən görüntülərin DÇ-2022-də Argentinanın Xorvatiyanı 3-0 məğlub etdiyi yarım final oyunundan sonra “TikTok”da “ness.leone” adlı istifadəçi tərəfindən paylaşıldığını görmək olur.
Video Messinin doğulduğu Rosario şəhərində çəkilib. Argentinalı azarkeşlərin ispanca dedikləri sevinc dolu sözlərlə “abuela de Messi”, yəni Messinin nənəsi dedikləri anlaşılır.
Messinin nənəsi ilə bağlı sözləri istifadə etməklərinin səbəbi argentinalı futbolçunun qol sevinci zamanı iki əlini havaya qaldıraraq səmaya baxıb qolu nənəsi Seliaya ithaf etməsi ilə bağlıdır.
Messi qol sevinclərini nənəsi Seliaya ithaf etdiyi ilə bağlı açıqlamalar edib. Argentinalı xəbər saytı “Infobae”yə görə Messinin nənələri Selia və Roza Mariya Perez həyatda deyil.
Rosarioda yaşayan 79 yaşındakı qadın verdiyi müsahibədə Messinin nənəsi olmadığını deyərək argentinalı azarkeşlərin onun evinin qarşısında qələbə sevincini yaşamaları səbəbilə xoşbəxt olduğunu bildirib. Ölkədə çıxan xəbərlərə görə bu videodan sonra Olqa adlı qadın “dünya kuboku nənəsi” olaraq tanınmağa başlayıb.