Sosial şəbəkədə reaktiv mühərriklərlə uçan kostyum videosu paylaşılıb. Video ilə bağlı paylaşılan məlumatda, Birləşmiş Krallıq donanmasının videodakı kostyumu Fransadan gələn qanunsuz miqrantların qarşısını almaq üçün sınaqdan keçirdiyi iddia olunub.
Sınağın məqsədi dənizdə minik əməliyyatlarına kömək etməkdir
Videodan götürülən ekran görüntülərini axtarış motorunda əks axtarış üsulu ilə araşdırdıqda video haqqında paylaşımlara rast gəlmək mümkündür. Buradakı nəticələrdən Gravity Industries adlı şirkətin YouTube kanalında həmin videonu görürük.
Videonun açıqlamasına nəzər yetirdikdə isə reaktiv mühərriklərlə uçan kostyumun həmin şirkət tərəfindən hazırlandığını, Birləşmiş Krallıq donanması tərəfindən 2021-ci ilin may ayında sınaqdan keçirildi məlumatını əldə edirik.
2021-ci ilin may ayında çıxan xəbərlərə və donanmanın rəsmi açıqlamasına nəzər yetirdikdə, həmin “jet suit”-lərin Birləşmiş Krallıq Donanması tərəfindən “VBSS” deyilən “ziyarət, minik, axtarış, müsadirə” mənasını verən dəniz əməliyyatlarını asanlaşdırmaq üçün sınaqdan keçirildiyini öyrənirik. Nə rəsmi açıqlamalarda nə də xəbərlərdə iddia edildiyi kimi qanunsuz miqrasiyanın qarşısını almaq kimi məqsədlər üçün sınaqdan keçirildiyinə dair rəsmi məlumat yoxdur.
Donanma daha əvvəl də bu kostyumları sınaqdan keçirib
Keçmişə doğru açar sözlərlə axtarış etdikdə Birləşmiş Krallıq Donanmasının daha əvvəl də reaktiv mühərriklərlə uçan kostyumu sınaqlardan keçirdiyini görürük. Sınaqlar yenə Gravity Industries adlı şirkətin istehsalı olan kostyumlarla keçirilib. Şirkətin qurucusu və pilot isə keçmişdə Birləşmiş Krallığın Dəniz Piyadaları qulluqcusu olmuş Richard Browningdir. Videoları şirkətin və donanmanın YouTube kanallarında izləmək mümkündür.
2019-cu ilin yanvar ayı
2019-cu ilin iyul ayı
2019-cu ildə və ya 2021-ci ildə sınaqdan keçirilən reaktiv mühərrikli kostyumların Fransadan gələn miqrantların qarşısını almaq üçün istifadə ediləcəyinə dair hər hansı məlumat mövcud deyil.