13 sentyabr 2022-ci ildə Mahsa Amini adlı iranlı qadın hicab qaydasını pozması iddiası ilə Qəşti İrşad (əxlaq polisi) tərəfindən həbs olunub və və sentyabrın 16-da həyatını itirib. Onun ölümündən sonra ölkədə başlayan etirazlar beynəlxalq mətbuatda geniş yayılıb.
Etirazlarda bir qadının saçlarını yığaraq etirazçılara qoşulmağa hazırlaşdığını göstərən video qısa müddətdə viral hal alıb. Videodakı qadının sentyabrın 21-də Kərəc şəhərində etirazlar zamanı öldürülən Hadis Najafi olduğu iddiası irəli sürülüb.
Videonu ilk dəfə iranlı jurnalist və feminist aktivist Masih Alinejad “Bu iranlı qadın təhlükəsizlik qüvvələrinin qarşısına çıxmağa hazırlaşır. İran rejiminin silahları və mərmiləri var, lakin bizim saçımızdan qorxurlar. Bir az saça görə #MahsaAmini-ni öldürdülər. Gəlin Saç İnqilabı edək. Saçımız İslam diktatorlarını devirəcək.” şərhi ilə paylaşıb. Paylaşımda Hadis Najafinin adına da yer verilib.
Daha sonra isə video sosial mediada və bəzi mətbuat orqanlarında Hadis Najafini göstərdiyi iddiası ilə yayılıb.
Videodakı qadın Hadis Najafi deyil
Twitter-da “#MahsaAmini Hadis Najafi viral” açar sözləri ilə axtarış etdikdə BBC müxbiri Shayan Sardarizadehin paylaşımına rast gəlirik. Saçını yığaraq etirazlara qoşulmağa hazırlaşan qadının Hadis Najafi olmadığı və BBC Farsca xidmətinin bunu təsdiqlədiyi bildirilib.
BBC-nin Farsca xidməti sentyabrın 26-da rəsmi internet səhifəsində və sosial media hesablarında videodakı qadının Hadis Najafi olmadığını açıqlayıb. Videodakı qadın BBC əməkdaşları ilə danışsa da təhlükəsizlik səbəbi ilə kimliyini açıqlamayıb. O, videodakı anları təkrar etdiyi yeni bir video çəkib, Hadis Najafi olmadığını deyib və məqsədinin iranlı qadınları küçəyə çıxmağa təşviq etmək olduğunu bildirib.
Google-da “Hadis Najafi” və ölüm tarixi olan “21 sentyabr” açar sözləri ilə ingiliscə axtarış etdikdə, Hollandiya mərkəzli fars və ingilis dillərində yayım edən Radio Zamaneh-ə ait xəbərə rast gəlirik.
BBC Farsca-nın sentyabrın 26-da yayımladığı açıqlamanın ardından Radio Zamaneh, Hadis Najafinin ailəsi ilə əlaqəyə keçərək bacısı Şirin Najafidən açıqlama alıb. Şirin Najafi, videodakı qadın bacısına bənzədiyi üçün Hadis Najafi zənn edildiyini deyib.
Nə baş verib?
Radio Zamaneh-ə danışan başqa bir ailə üzvü, Hadis Najafinin anasının narahat olmasına baxmayaraq onun sentyabrın 24-də saat 19:30 radələrində etirazlara qoşulmaq üçün evdən çıxdığını deyib. Eyni mənbəyə əsasən bir müddət sonra Hadis Najafinin telefonundan yad biri zəng edərək Najafinin xəstəxanada yaralı olduğunu bildirilib. Ailə xəstəxanaya getdikdə isə onun ölüm xəbərini alıb.
Şirin Najafi, Zamaneh-ə açıqlamasında bildirib ki, təhlükəsizlik qüvvələri ona və ailəsinə media ilə danışmamaq, bacısı Hadis Najafinin təbii səbəblərdən güllə yaralanması olmadan öldüyünü açıqlaması üçün sıx təzyiqlər edib.
Zamaneh-in xəbərindəki digər mənbənin açıqlamasına əsasən güllələr Hadis Najafinin bədəninin yuxarı hissəsinə dəyib və o, 20-dən çox güllə ilə öldürülüb. Hadis Najafinin ölüm sənədində Kərəc şəhərində güllə yarasından öldüyü yazır. Türkiyə və Azərbaycan mətbuatında isə Hadis Najafinin ölüm xəbərində altı güllə ilə öldürüldüyü yer almışdı.