Son günlər Azərbaycan-Ermənistan sərhəddində gərginliyin artmasından sonra sosial şəbəkələrdə keçmişə aid videolar yenimiş kimi paylaşılır.
Bunlardan biri də “Tik-Tok”-da paylaşılan "Türk ordusunun Naxçıvana gəlməsini və hədəfin İran İslam Respublikası" olmasını əks etdirən videodur.
Tərsinə foto axtarış üsulundan istifadə edərək videodan kəsilən hissə ilə axtarışımızı aparırıq.
Məlum olur ki, video 2020-ci ilin 27 İyulunda “@Efgan Nifti” adlı “X” platforması istifadəçisi tərəfindən paylaşılıb.
Paylaşımda qeyd edilib ki, “Türkiyə əsgərləri avqustun 10-dək davam edəcək birgə hərbi təlimlər üçün Azərbaycanın Naxçıvan şəhərinə gəlir.”
Bu dəfə “Naxçıvan, Türkiyə birgə hərbi təlimlər keçiriləcək” açar sözlərdən istifadə edərək araşdırmamızı "Google" platforması üzərindən aparırıq.
Və qarşımıza Naxçıvan Muxtar Respublikasının rəsmi televiziyası olan “NaxçıvanTv”nin “YouTube” kanalında 3 il bundan öncəyə paylaşılmış bir video çıxır.
Video sujetdə qeyd edilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir.
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləmişlər.
Azərbaycan və Türkiyə arasında sonuncu hərbi təlimlər nə zaman olub?
“Google” vasitəsi ilə açar sözlərdən istifadə edərək Azərbaycan və Türkiyə arasında olan hərbi təlimlərin nə zaman olduğu axtarırıq.
Məlum olur ki, Azərbaycan və Türkiyə arasında ən son hərbi təlimlər 2022-ci ilin dekabr ayının 5-də keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Naxçıvanda sonuncu hərbi təlimlər nə zaman olub?
“Google” vasitəsi ilə Naxçıvanda keçirilən sonuncu hərbi təlimləri araşdırıq. Məlum olur ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 2 dəfə hərbi təlimlər keçirilib.
Bunlardan biri 2023-cü il 21 fevralda Naxçıvanda “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimi olub.
Sonuncu isə 2023-cü ilin 4 iyulunda “Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi” adı altında keçirilib.