Xarici dillərdə də paylaşılan bir iddia Azərbaycanda sosial şəbəkələrdə və xəbər saytlarında paylaşılıb. İddiaya əsasən videodakı robot Bəhreyn kralının cangüdənidir.
Titan adlı robot əyləncə məqsədilə sərgidə olub
Video, IDEX adlı müdafiə texnologiyalarına dair keçirilən bir tədbirdəndir. Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əbu-Dabi Milli Sərgi Mərkəzində həyata keçirilən bu tədbir, 17-21 fevral 2021 tarixlərində baş tutub.
Sərgidəki ziyarətçiləri qarşılayan Titan adlı 2 metrdən uzun 60 kiloqramlıq robot isə gələn qonaqları həm ingilis dilində həm də ərəb dilində salamlayıb.
Titan daha əvvəl də Əbu-Dabidəki F1 Grand Prix kimi bir çox tədbirdə yer alıb. Titan kimi sərgilərə və tədbirlərə əyləncə məqsədi ilə qoşulan başqa robotlar da mövcuddur.
Robotun qolunda BƏƏ bayrağı var
Tədbirdə çəkilən videolara baxdıqda gördüyümüz detallardan biri robotun qolundakı bayraqdır. Əyləncə məqsədi ilə tədbirdə olan robot müdafiə konseptinə uyğun formada geyindirilib və üzərinə tədbirin keçirildiyi yer olan Birləşmiş Ərəb Əmirliklərinin bayrağı yapışdırılıb. Əgər robot Bəhreyn kralının cangüdəni olsaydı üzərindəki bayrağın da Bəhreynə aid olması gərəkirdi.
Videoda robotun qarşısındakı şəxs Bəhreyn kralı deyil
Robotun qoruduğu iddia edilən Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifənin fotolarına baxdığımız zaman da videodakı şəxs ilə bənzəmədiyini görürük.