Bəzi xəbər saytlarında yer alan paylaşımlarda Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən üç rus kosmonavtın Ukrayna bayrağının rənglərində kombinzonu öz istədikləri ilə seçib geyindiyi iddia olunub. Fərqli dillərdə yayılan paylaşımlarda, rus kosmonavtların Ukraynaya dəstək üçün sarı geyindiyi iddia olunub.
Ukrayna və Rusiya arasında başlayan münaqişələrin ardından 18 mart 2022-ci ildə altı aylıq missiya üçün kosmosa çıxan Denis Matveyev, Oleg Artemyev və Sergey Korsakov sarı rəngli paltarlar geyinib.
Sarı paltarlar Ukraynaya dəstək üçün geyinilməyib
Kosmonavtların geyimləri səyahətdən altı ay əvvəl Rusiya Elmlər Akademiyası tərəfindən ayrı-ayrı tikilib. Yəni müharibə başlasa da başlamasa da geyinəcəkləri paltarlar əvvəlcədən məlum idi.
Eləcə də kosmonavtlar dünyada yaşayan adi bir insan kimi geyim mövzusunda çox seçimə sahib deyil. Geyimlər detallı bir formada təhlükəsizlik və gigiyena sınaqlarından keçirildikdən sonra kosmosa göndərilir. Yəni kosmonavtlar geyim barəsində şəxsi seçimlər etmirlər.
Komandanın ailələri ilə danışdığı video konfransda, Oleg Artemyevə bu barədə sual ünvanlanıb. Artemyev, sarı rəngli bir çox geyimə sahib olduqlarını və bunu geyinmək məcburiyətində qaldıqlarını bildirib.
Rusiya Federal Kosmik Agentliyi, Roskosmos isə Telegram üzərindən yaydığı açıqlamada, "iddiaların gülünc olduğunu" bildirərək, bu rənglərin üç kosmonavtın da işlədiyi Bauman Moskva Dövlət Texniki Universitetinin rənglərini təmsil etdiyini deyib. Universitetin loqosunu da paylaşan qurum “sarının sadəcə sarı olduğunu” bildirib.
Rus kosmonavtlar daha əvvəl də bənzər rəngdə geyimlərdə idi. Komandanın üzvü Artemyev 2015-ci ildə də sarı rəngdə geyinib.
ABŞ mərkəzli fakt yoxlama quruluşu Snopes da iddianın yanlış olduğu nəticəsinə gəlib.
ABŞ kosmosda missiya üçün göndərilən şəxsləri “astronaut” yəni astronavt, Rusiya isə “cosmonaut” yəni kosmonavt adlandırır. Bu soyuq müharibə dövründə kosmos araşdırmaları sahəsindəki rəqabətdən gəlir. Hər iki söz də eyni iş ilə məşğul olan insanlar üçün istifadə edilsə də sözlərin etimologiyasında fərqlər mövcuddur.