“Ölkə TV”nin proqramında Turqay Gülər Qətərin dünya çempionatının gəlirlərinin bütövlükdə Türkiyəyə bağışlandığını iddia edib. İddia “Ölkə TV”nin sosial media hesabından paylaşılmasından sonra sürətlə yayılmağa başlayıb.
İddialardan birində Qətərin dünya çempionatından əldə etdiyi 1,56 milyard dollarlıq ev sahibliyi gəlirinin bütövlükdə Türkiyəyə bağışladığı iddia edilərkən, digər paylaşımda iddia Qətər şeyxi Şeyx Təmim Bin Həməd Al Taninin fotosu ilə birlikdə paylaşılıb.
Qətər dünya çempionatındakı iki yarım final oyununun bilet gəlirlərini Türkiyə və Suriyaya bağışlayacaq
İddia ilə bağlı qaynaqları araşdırarkən “TRT Xəbər”də 2023-cü il fevralın 9-da yayımlanan “Qətər dünya çempionatının yarım final oyununun gəlirləri zəlzələdə zərər çəkən şəxslərə bağışlanacaq” başlıqlı xəbərlə qarşılaşırıq. Xəbərdə Qətər Ulduzlar Liqasından verilən rəsmi açıqlamada 2023-cü il Qətər çempionatının qarşılaşmalarında iki yarım final oyununun bilet gəlirlərinin Türkiyə və Suriyada zəlzələdə zərər çəkənlərə bağışlanacağı bildirilir.
Qətər Ulduzlar Liqasının 2023-cü fevralın 8-də “Twitter”də verdiyi rəsmi açıqlamada “Qətər Ulduzlar Liqası, Qətər çempionatında keçiriləcək yarım final qarşılaşmalarının bütün bilet gəlirləri Türkiyə və Suriyada zəlzələdə zərər çəkən vətəndaşlara bağışlanacaq” məlumatı yer alır.
“Anadolu Agentliyi”nin ərəbcə xidmətində yer alan xəbərdə də dünya çempionatı deyil, Qətər çempionatındakı qarşılaşmadan söhbət gedir. Qətərdə nəşr olunan “Al Raya” qəzeti də 2023-cü il fevralın 8-də yayımladığı xəbərdə yarım final qarşılaşmalarının gəlirlərinin zəlzələdə zərər çəkən şəxslər üçün bağışlanacağını qeyd edib.
Qətərin Türkiyəyə yardımları
2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra bir çox ölkə Türkiyəyə axtarış-xilasetmə qüvvələri, humanitar yardım və ianələr göndərməyə başlayıb. Qətər Xarici İşlər Nazirliyi Türkiyəyə 120-dən çox axtarış-xilasetmə qüvvəsi, üç səhra xəstəxanası, humanitar yardım vasitələri, çadır, ilkin tibbi yardım çantası və qida, eyni zamanda əlavə olaraq dörd təyyarədə 20 avtomobil və 10 min mobil evin qısa müddətdə hadisə yerinə göndəriləcəyi ilə bağlı açıqlama verib.