Sosial media səhifələrində və xəbər saytlarında gündəmə gələn iddia Covid-19 əleyhinə tətbiq olunan Pfizer&BioNTech peyvəndinin, peyvənd olan şəxslərdə Herpes xəstəliyinə səbəb ola biləcəyinin sübuta yetirildiyi iddia olunur. İddiada mənbə olaraq sözügedən araşdırmanın isə İsrail alimləri tərəfindən aparıldığı qeyd olunub.
Araşdırma yanlış şərh edilib
İddia edilən və İsrail alimləri tərəfindən yayınlanan araşdırmanı elmi məqalələrin dərc edildiyi Rheumatology saytında tapmaq mümkündür. Araşdırmanın hələ başlığına (Herpes zoster following BNT162b2 mRNA COVID-19 vaccination in patients with autoimmune inflammatory rheumatic diseases: a case series) nəzər yetirdikdə, bunun bir “case series” yəni hal araşdırması olduğunu görürük. Hal araşdırmaları, digər araşdırma növlərindən fərqli olaraq, məhdud qruplar ilə aparıla bilər, daha qısa müddətdə tamamlana bilər və ən əsası hər hansı bir təsir və ya səbəb-nəticə əlaqəsini araşdırmaz və təmsili olmaz. Əldə edilən nəticə xəstlik ilə bağlı karakterik xüsusiyyət deyil, təsadüfi də ola bilər. Lakin bu cür araşdırmalardakı məlumatlar gələcəkdə aparılacaq sübut əsasəlı araşdırmalar üçün faydalı ola bilər.
Bütün bu məlumatları və araşdırmanın bir “case study” olduğunu nəzərdə saxlayaraq araşdırmanı təhlil etməyə başladıqda görürük ki, araşdırma, 491 nəfərlik AIIRD xəstəliyinə sahib qrup ilə aparılıb. Covid-19 əleyhinə Pfizer&BioNTech peyvəndi vurulmuş bu qrupda, peyvənddən sonra yan təsirlər müşahidə edilib. Burada AIIRD-in nə olduğunu açıqlamaqda fayda var. AIIRD, otoimmün iltihablı revmatik xəstəliklər üçün istifadə edilən qısaltmadır. Bu araşdırmada da peyvəndin ardından müşahidə aparılan 491 nəfərlik qrup AIIRD xəstəliyinə sahib qrup olub. Yəni araşdırma daha əvvəl də bəhs etdiyimiz kimi məhdud bir qrup üzərində aparılıb. Araşıdırmaçılar girişdə peyvəndin klinik sınaqlarına AIIRD xəstləyinə sahip qruplar kimi immuniteti zəif qrupların daxil olmadığı üçün peyvəndin bu qrup üzərindəki yan təsirlərinə bağlı kifayət qədər data olmadığını vurğulayıb. Bu səbəblə qrupun 491 nəfərlik AIIRD qrupunda müşahidə apardığı bildirilib. Lakin çalışmanın hər hansı bir səbəb-nəticə əlaqəsini araşdırmadığı qeyd olunub. AIIRD ilə bağlı internetdə araşdırma apardıqda görürük ki, mütəxəssislər, həmin qrupdakı şəxslərə Covid-19 peyvəndi vurulduqdan sonra xəstəliklərinin yenidən alovlanması və pisləşməsi ehtimalının nəzəri olaraq mümkün olduğunu deyir, lakin bu şəxslər yüksək risk qrupunda olduğu üçün Covid-19 xəstəliyinin yaradacağı risklərə qarşı peyvəndin vacib olduğu vurğulanır.
Araşdırmanın nəticələrinə nəzər yetirdikdə 491 nəfərdən 6-da peyvənddən bir müddət sonra Herpes Zoster müşahidə olunduğunu görürük. Ümumilikdə müşahidə qrupunun 1.2 faizində aşkarlanıb. Herpes Zoster aşkarlanan xəstələrin hamısı keçmişdə Herpes xəstəliyinə səbəb olan virusun səbəb olduğu xəstəlikləri keçirib.
Eləcə də Herpes Zoster, suçiçəyi xəstəliyinə səbəb olan “varicella-zoster” virusunun yenidən aktivləşməsi nəticəsində yaranır. Yəni SARS-CoV-2 ilə bu virus tamamilə ayrı viruslardır və birinin digərinə səbəb olması mümkün deyil. Lakin hər hansı bir səbəbə görə bədəndə müqavimətin azalması Herpesin aktivləşməsinə səbəb ola bilər. Yəni peyvənddən sonra Herpes aşkarlananların arxasındakı səbəbin peyvənd olduğunu demək mümkün deyil.
Bu araşdırmanın nəticələri də Covid-19 peyvəndinin Herpesə səbəb olduğunu sübuta yetirmir. Araşdırmaçılar, hesabatın sonunda da bunu qeyd edərək, bu araşdırmanın həm məhdud olduğunu həm də səbəb-nəticə əlaqəsini ortaya qoymaq üçün olmadığını vurğulayıb.
Covid-19 əleyhinə hazırlanan peyvəndlərin yan təsirləri arasında Herpes xəstəliyi mövcud deyil. Eləcə də indiyə qədər Pfizer&BioNTech-in Herpesə səbəb olduğunu sübuta yetirən elmi araşdırma mövcud deyil.
Başqa dillərdə də daha əvvəl gündəmə gələn iddialar fakt yoxlama quruluşu Snopes tərəfindən yanlışlanıb.