Azərtac, Azerforum, Xalq qəzeti kimi bir çox xəbər saytı və sosial şəbəkə postlarında NASA-ya istinad edərək 163348 (2002 NN4) adlı asteroidin təhlükəli bir şəkildə dünyaya yaxınlaşdığını iddia edən məlumatlar yayınladı. İddialar asteroidin dünya üçün təhlükəli olması, NASA-nın isə vəziyyətlə bağlı xəbərdarlıq etməsi yönündə idi.
Lakin iddia doğru deyil. 163348 (2002 NN4) adlı asteroid dünyaya yaxınlaşsa da, asteroid dünya üçün təhlükəli deyil. Asteroid dünyaya birinci dəfə yaxınlaşmır və NASA tərəfindən təhlükə ilə bağlı yayınlanan hər hansı bir xəbərdarlıq mövcud deyil.
Asteroid “potensial olaraq təhlükəli” kateqoriyasındadır
163348 (2002 NN4), orbitini dünyaya yaxınlaşdırma potensialına sahib olan kiçik bir asteroiddir.. Sözügedən asteroid, NASA tərəfindən “aten” kateqoriyasında, “potensial təhlükəli” olaraq təsnif edilib. Lakin bu təsnifat, qısa müddətdə hər hansı bir təhlükə ifadə etmir.
NASA-nın asteroidin yerini göstərən məlumat bazasına baxdığımız zaman, asteroidin hərəkət istiqamətini görmək mümkün idi. Bundan əlavə, NASA və Space Reference, asteroidin 6 iyun 2020-ci il tarixində dünyanın orbitinə daxil olacağını proqnozlaşdırmışdı. Lakin asteroidin orbitə daxil olmağı, dünyaya düşəcəyi yaxud təhlükə yaradacağı mənasını vermir.
“Aten” və “potensial olaraq təhlükəli” təsnifatı hansı mənaya gəlir?
Aten, dünyadan daha kiçik yarı əsas oxa sahib olan və dünyaya yaxın yerləşən asteroidləri ifadə edir. Hal hazırda 679 ədəd asteroid aten kateqoriyasına daxildir. Bunlardan bəziləri dünyaya çox yaxın yerləşməkdədir.
Bir asteroidin aten kateqoriyasına daxil ola bilməyi üçün yarı əsas oxu 1 astronomik vahiddən daha kiçik və afeliy məsafəsi 0,983 astronomik vahiddən daha böyük olmalıdır. Yarı əsas ox, elliptik orbitin əsas oxunun yarısını ifadə edir və günəşə olan təxmini məsafə mənasına gəlir. Afeliy məsafəsi isə bir göy cisminin orbitində günəşə ən uzaq olan məsafəni göstərir. 2002 NN4 asteroidinin yarı əsas oxu 0,8764 astronomik vahid və afeliy məsafəsi 1,26 astronomik vahid olduğu üçün aten kateqoriyasına daxildir.
Hansı asteroidin potensial olaraq təhlükəli olmağı xüsusi parametrlərlə müəyyən edilir. Bunlardan biri keçid məsafəsi, digəri isə asteroidin böyüklüyüdür. Böyüklüyü 22,0 H və ya daha az olan bütün asteroidlər, potensial təhlükəli olaraq təsnif edilirlər. 2002 NN4 asteroidinin böyüklüyü 20,1 olduğu üçün bu kateqoriyaya daxildir. Lakin bu təsnifat, asteroidlərin dünyaya düşməyi və fəlakətə səbəb olmağı mənasına gəlmir.
Həmçinin nə NASA mətbuat şöbəsinin internet saytında, 2002 NN4 asteroidi ilə bağlı məlumat verilən səhifədə, nə də asteroidlər ilə əlaqədar ümumi məlumatların yayınlandığı səhifədə, 5 iyun 2020-ci il tarixi etibarilə 2002 NN4 ilə bağlı xüsusi bir təhlükə xəbərdarlığı mövcud deyil. 2002 NN4, digər asteroidlərin 90 faizindən daha böyük olsa da, yenə də kiçik ölçülü aten kateqoriyasına daxildir. Asteroid, böyüklüyünə görə futbol meydançası böyüklüyündədir. NASA-nın asteroid ilə bağlı hər hansı bir xəbərdarlığı mövcud deyil.
2002 NN4 dünyaya birinci dəfə yaxınlaşmır
NASA Kaliforniya Texnologiya İnstitutunun məlumat bazasına görə iddialardakı asteroid, 1902-ci ildən bəri dünyanın yanından keçir və gələcəkdə də keçməyə davam edəcək. Asteroid sonuncu dəfə 2016-cı ildə dünyaya yaxınlaşdı. 6 iyun 2020-ci ildə isə dünyanın 0.0340483555679983 astronomik vahid, yəni 5 milyon 93 min 634 kilometr uzağından keçəcəyi proqnozlaşdırılır. Bundan əlavə asteroid, 1965-ci ildə dünyaya 0.00773438404441674 astronomik vahid qədər yaxınlaşmışdı. Bu, 6 iyun tarixində yaşanan yaxınlaşmadan daha yaxın bir məsafədir.
Bundan əvvəl də potensial təhlükəli olaraq təsnif edilən 1998 OR2 adlı asteroid , dünyaya toxunmadan fəza boşluğundakı yoluna davam etmişdi. Bu asteroid ilə bağlı da müxtəlif fəlakət ssenariləri mövcud idi.
2002 NN4 adlı asteroidin dünyaya yaxınlaşmağını, Solar System Sandbox adlı simulyasiyadan izləyə bilərsiniz.
Nəticə etibarilə iddia doğru deyil. 2002 NN4 adlı asteroidin dünyaya yaxınlaşmağı doğru olsa da, asteroidhal hazırda təhlükəli deyil. Bundan əlavə NASA tərəfindən təhlükə ilə əlaqədar olaraq yayınlanmış bir xəbərdarlıq mövcud deyil. İddia, yanlış məlumatın yeddi növündən biri olan təhrif etməyə nümunədir.