Koronavirus ilə bağlı Dr. Leonard Coldwellin iddiaları

Koronavirus ilə bağlı Dr. Leonard Coldwellin iddiaları

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Covid-19 insan tərəfindən hazırlanmayıb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabatında həm də elmi araşdırmalarda Covid-19 virusunun təbii şəkildə ortaya çıxdığı faktı mövcuddur.

ÜST-ün açıqlamasına əsasən koronavirusun öldürmə faizi 3-4%-dir, dünyadakı qrip ölümləri isə təqribən 2%-dir.

Koronavirusun hələlik bir peyvəndi mövcud deyil, xüsusi müalicəsi və ya dərmanı yoxdur.

Koronavirus ilə bağlı qoyulan fiziki məsafə qaydalarının səbəbi, virusun insandan insana tənəffüs damlacıqları vasitəsi ilə yoluxmasıdır.

5G texnologiyasının yaydığı iyonlaşdırıcı olmayan radiasiya, elektromaqnit spektr cədvəlinə əsasən günəşin yaydığı ultrabənövşəyi şüalardan daha az təsirlidir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə bir YouTube kanalı tərəfindən Azərbaycan dilinə səsləndirilərək yayılmış olan koronavirus ilə bağlı iddialar paylaşıldı.

koronavirus il bagli dr leonard coldwellin iddialari facebook postu

Qrafon adlı YouTube kanalında Dr. Leonard Coldwellin iddialarının Azərbaycanca dublaj edilən versiyası sosial şəbəkədə də yayıldı. Video hazırda Qrafon adlı YouTube kalanında mövcud olmasa da, videonun səsləndirməsindən və logolardan Qrafon adlı YouTube kanalında hazırlandığı görülür.

koronavirus il bagli dr leonard coldwellin iddialari youtube channel

Həmin kanaldakı və Instagram səhifəsindəki digər videolara baxdığımız zaman da bənzər şəkildə konspirasiya nəzəriyyələrinə yer verildiyini görürük. Məsələn, Instagram səhifəsində yeni koronavirusun saxta olduğunu iddia edən iki post mövcuddur

Dr. Leonard Coldwell, Twitter hesabında özünü Naturopatiya həkimi, DNM, ND, PH.D., CNPH, DNM lisenziyası olan və aparıcı xərçəng mütəxəssisi kimi təqdim edir. Instagram hesabında isə özünü radio aparıcısı, natiq və koç kimi təqdim edib. Özünü aparıcı xərçəng mütəxəssisi kimi təqdim etsə də, elmi araşdırmaların və məqalələrin yayınlandığı The Lancet, PubMed, Google Scholar kimi yerlərdə Dr. Leonard Coldwellin hər hansı bir məqaləsinə rastlanmır. Azərbaycan dilinə səsləndirilərək yayılan reportajında bir çoxu elmi fakta əsaslanmayan iddialar mövcuddur. Bu iddialardan bəzilərinə nəzər keçirək.

Koronavirus insan tərəfindən hazırlanmayıb

İDDİA: Koronavirus insan tərəfindən hazırlanıb

YANLIŞ

Koronavirusun insan tərəfindən hazırlandığı iddiası heç bir elmi fakta əsaslanmır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabatında həm də elmi məqalələrdə yayınlanan araşdırmalarda Covid-19 virusunun təbii şəkildə ortaya çıxdığı vurğulanır. Belə ki, araşdırmalara əsasən Covid-19 genetik səviyyədə yarasa koronavirusu ilə 96% eynidir. ÜST də öz açıqlamasında virusun təbii bir heyvan mənşəyinə aid olduğunu və manipulasiya yaxud hazırlanmış olmadığını dəstəkləyir. Bundan əlavə Teyit daha əvvəl də koronavirusun bir təcrübə olduğu və insanlar tərəfindən hazırlandığı iddialarının yanlış olduğunu göstərən analizlər hazırlamışdı.

Koronavirus qripdən daha az təhlükəli deyil

İDDİA: Koronavirusun öldürmə faizi 0.3%-dir və qripdən daha az təhlükəlidir.

YANLIŞ

2019-cu ilin dekabr ayında yayınlanan bir araşdırmaya əsasən, qlobal şəkildə hər il ortalama 389 min insan qripdən ölür və bu da qripə yoluxmaların təqribən 2%-ə bərabərdir. Koronavirus ilə bağlı mövcud datalara baxdıqda isə bu rəqəmlərin hər ölkəyə görə dəyişiklik göstərdiyini görürük. Statista-da paylaşılan datalara əsasən, ən az ölüm faizlərinin olduğu ölkə olan Sinqapurda 0.05%-dir. Ölümlərin ən yüksək olduğu ölkə isə 28.59% ilə Yəməndir. Məsələn, datalara əsasən, Azərbaycanda 1.47% insan koronavirusdan ölür, Türkiyədə isə 2.41% yoluxma ölümlə nəticələnib. Videodakı şəxsin iddiası sadəcə müəyyən bir ölkə və ya qlobal ölüm halları ilə bağlı olsa da Covid-19-un ölüm faizləri qripdən ölüm hallarından daha yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi səhifəsində də bu barədə açıqlama mövcuddur. ÜST-ün açıqlamasına əsasən koronavirusun öldürmə faizi 3-4%-dir. Bundan əlavə ÜST qrip ilə Covid-19 virusunu müqayisə etməyin mümkün olmadığını deyir. 

Koronavirusun xüsusi müalicəsi yoxdur

İDDİA: Koronavirus insan üçün təhlükəsizdir və asanlıqla müalicə edilir.

YANLIŞ

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində başlayan Covid-19 qısa müddətdə bütün dünyaya yayıldı. Genetik ardıcıllığı göstərdi ki, koronavirus yarasa toplusunda ekoloji bir mənşəyə sahibdir. Əvvəlcə heyvandan insana daha sonra isə insandan insana yoluxan Covid-19 insan həyatı üçün olduqca təhlükəlidir. Koronavirusun peydəndini tapmaq üçün araşdırmalar davam etsə də hələlik təsdiqlənmiş bir peyvənd mövcud deyil. Koronavirusun iddiada deyildiyi kimi hələlik bir müalicəsi yoxdur və xüsusi bir dərmanı da mövcud deyil. 17 avqust etibarilə dünyada 21 milyon 516 min 760 koronavirusa yoluxma qeydə alınıb, 766 min 663 ölüm faktı var.  

Koronavirus damlacıqlar vasitəsilə yoluxur

İDDİA: Koronavirus ilə əlaqədar məsafə qaydaları gərəksizdir. 

YANLIŞ

Koronavirus insandan insana tənəffüs damlaları yolu ilə yoluxur. Məhz bu səbəbdən dünyada bir çox ölkə virusun yayılmasının qarşısını almaq üçün karantin və fiziki məsafə qaydalarını tətbiq edir. Eyni zamanda, insanlar virusla çirklənmiş səthlərdən, həmçinin bu cür səthlərə toxunmaqla, habelə üzünə, məsələn gözlərinə, burnuna, ağzına əl vurmaqla koronavirusa yoluxa bilərlər. ÜST, bir insan ilə aranıza ən az 1 metr məsafə qoymağınızı tövsiyyə edir. Buna səbəb isə əgər həmin şəxs Covid-19 virusuna yoluxubsa onun öskürərkən, asqırarkən və yaxud danışarkən ətrafa yaydığı damlalar ilə virus sizə də yoluxa bilər. ÜST koronavirusun yoluxması ilə əlaqədar yayınladığı yazıda damlacıq yolu ilə və havadan yoluxma haqqında məlumatlar verir. 29 Mart 2020-ci ildə yayınlanan tövsiyyələrdə, koronavirusun ümumən diametri 5 mikrometrdən kiçik və 5-10 mikrometrdən böyük olan damlacıqlar ilə yoluxa biləcəyindən bəhs edir. Danışıq vasitəsilə havadan yoluxma haqqında isə hələlik kifayət qədər sübutların qeydə alınmadığını vurğulayır. İyul ayında yayınlanan bir xəbərə əsasən 200 alim ÜST-ə açıq bir məktub ünvanlayaraq havadan yoluxmanın da istisna edilə bilməyəcini bildirib. 

airborne transmission bbc koronavirus il bagli dr leonard coldwellin iddialari

Fizikokimyəvi proseslər aerozolların havada qalma formasına təsir edir. Belə ki, bu proseslərdən nəticəsində aerozollar buxarlana bilər, digər növ hissəciklərlə qarşılıqlı əlaqəyə girə bilər, daşına bilər və qatı səthlərdə toplanaraq havadan uzaqlaşa bilərlər. Havadakı hissəciklər adətən Broun hərəkətinə, cazibə qüvvəsinə, elektrostatik qüvvələrə, termik qradientə, elektromaqnit radiasiyaya, turbulent diffuziya, ətalət qüvvəsinə məruz qalır. Diametri 1 mikrometrdən böyük damlacıqlar üçün cazibə qüvvəsi, Broun hərəkətindən daha çox əhəmiyyət kəsb edir. Standart atmosfer şəraitində isə diametri 100 mikrometrdən kiçik olan damlacıqlar adətən yerə çatmadan buxarlanır və qalıqları uzun bir müddət havada qalır. Əgər damlacıqların tərkibində viruslar kim bioaerozollar varsa, maye tərkibi buxarlansa da uzun müddət havada qala bilər. Bununla birlikdə, bir virusun havada yaşadığı müddət aralığı bir bioaerozolun bir növündən digərinə görə dəyişir. Havada qalan və diametri 0,5–20,0 mikrometr olan damlacıqlar tənəffüs yolunda qalma və infeksiyaya səbəb olma ehtimalı daha yüksəkdir. Yəni virusun hava yolu ilə yoluxması damlacıqların havada nə qədər müddət qalmasından və bu qalma formaları isə atmosferin şəraitinə, həmin damlacıqların cazibə qüvvəsi kimi proseslərin təsirinə bağlıdır.

5G ilə Covid-19 arasında heç bir əlaqə yoxdur

İDDİA: Uhanda 5G aktivləşdikdən sonra insanlar öldü dünyaya isə Covid-19 dedilər. Covid-19 5G ilə yayılır, 5G insan həyatı üçün çox təhlükəlidir və quşları da həmin an öldürür. 

YANLIŞ

Covid-19 ilk dəfə Çinin Uhan şəhərində ortaya çıxdı və dünyaya yayıldı. Çindəki 5G testləri və Uhan şəhərindəki yeni koronavirusun meydana gəlməsi tarixləri arasında yaxınlıq olsa da, aralarında hər hansı bir səbəbə dayanan əlaqə olduğu demək mümkün deyil. Bu iddia bir konspirasiya nəzəriyyəsidir. Araşdırmalarda əldə edilən faktlar Covid-19-un bir heyvandan insana və ardından da insandan insana yoluxduğunu göstərir. 5G-nin quş ölümlərinə səbəb olduğu iddiaları isə daha əvvəl də gündəmə gəlmişdi. Lakin, bütün bu iddiaların doğru olmadığı ortaya qoyuldu. Radiasiya iki yerə ayrılır: iyonlaşdırıcı radiasiya və iyonlaşdırıcı olmayan radiasiya. İyonlaşdırıcı radiasiya, hava, su və canlı hüceyrə ehtiva edən elektronları uzaqlaşdıraraq təsir edən bir enerji formasıdır. Məsələn, vücudumuza təsir göstərən və sümük formamızı belə göstərən x şüalarını buna misal göstərə bilərik. İyonlaşdırıcı olmayan radiasiya isə telefonlar, televizorlar, komputerlər, mətbəxdə istifadə etdiyimiz mikrodalğalı sobalar və günəş şüaları kimi bir neçə misal göstərə bilərik. 5G texnologiyası da məhz bu kateqoriyaya daxildir. Yaydıqları radioaktiv enerji insan sağlamlığına təsir edə biləcək səviyyədə deyil. Elektromaqnit spektr cədvəlinə baxdıqda, 5G-nin günəş şüalarından solda qaldığını, yəni günəşdən yayılan ultrabənövşəyi şüaların bədənimizə 5G-dən daha çox təsir etdiyini görürük.

iyonize non iyonize spektrum the eloctromagnetic spectrum

İngiltərə Sosial Müdafiə və Sağlamlıq Nazirliyinin icraçı qurumu Public Health England-in də açıqlamasında insanların telekommunikasiya şəbəkələrindən gələn radio dalğalarına məruz qalması beynəlxalq prinsiplər toplusunda qeyd edilən səviyyəyə uyğundur və bu qaydalar 5G məhsulları üçün də tətbiq edilməyə davam edəcəyi deyilir. 

Nəticə

Araşdırdığımız beş iddianın heç biri elmi faktlara əsaslanmır. İddialar koronavirus ilə bağlı ortaya çıxan konspirasiya nəzəriyyələridir. Nəticə etibarilə koronavirusun insan tərəfindən hazırlanması, 5G vasitəsilə yayılması, qripdən daha az təhlükəli olması, məsafə qaydalarının gərəksiz olması və insan həyatı üçün təhlükəsiz olduğu iddiaları yanlışdır. İddiaları yanlış məlumatın yeddi növündən biri olan uydurma kateqoriyasına daxil edə bilərik.