Sosial şəbəkədə paylaşılan bir videonun Covid-19 pandemiyasını əvvəlcədən bildiyi və virusun bioloji silah olduğu iddia olunub. 2018-ci ildə Cənubi Koreyada çəkilən serialın 10-cu epizodundan götürülən səhnədə mutasiyaya uğramış bir koronavirusdan bəhs edilir. Bu koronavirusun MERS, SARS kimi viruslar ilə bənzər bir genə sahib olduğu da deyilir. Epizodda virusun öldürmə nisbətinin insan müdaxiləsi nəticəsində 90 faizə yüksəldiyi və biloloji silah kimi istifadə olunacağı deyilir. Ssenaridəki koronavirusun tənəffüs sisteminə zərər verdiyi də videoda ifadə edilib.
Paylaşılan səhnədə koronavirusun 2-14 gün arası inkubasiya müddəti olduğu, virusa məruz qaldıqda isə beş dəqiqə ərzində ağciyərlərə hücum edə biləcək şəkildə yaradıldığı bildirilib. Virusun peyvəndinin və yaxud müalicəsinin olmadığı da qeyd olunub.
Serialda Covid-19 pandemiyası təxmin edilməyib
Cənubi Koreya istehsalı olan “My Secret Terrius” adlı serialda mövcud pandemiyaya bənzəyən bir koronavirus pandemiyasından bəhs edilməyib. Netflix platformasında izlənə bilən serialda, qırmızı bildiriş ilə axtarışda olan gizli agentin, qonşusunun cinayətini araşdırmağa başlaması ilə baş verən hadisələrdən bəhs edilir. Agentin kod adı Terriusdur. Terrius və kəşfiyyat agentləri cinayəti araşdırarkən, insanlar üzərində təcrübə aparan bir təşkilat aşkarlayırlar. Hadisə araşdırılarkən koronavirusdan da bəhs edilir. Serialın 10-cu epizodunda 53-cü dəqiqədən sonra sosial şəbəkədə paylaşılan səhnə yer alıb. Burada qurbanın test nəticələrini təqdim edən tibb işçisinin dediklərini eşidirik.
Dialoqda, test nəticələrinə əsasən mutasiyaya uğramış bir koronavirus tapdıqlarını və bioloji silah kimi istifadə ediləcəyi deyilir. Test nəticələrini verən şəxs, virusun SARS və MERS ilə bənzər genlərə sahib olduğunu, tənəffüs sistemlərinə hücum etdiyini vurğulayır. Eləcə də 2015-ci ildə ortaya çıxan MERS pandemiyasının ölüm nisbətinin 20 faizdən çox olduğu məlumatı da qeyd olunur. Lakin serialda sözügedən virus pandemiyaya yol açmayıb.
Ölüm nisbəti 34 faiz ətrafında olan MERS xəstəliyi ilk dəfə Səudiyyə Ərəbistanında aşkarlanıb. Lakin xəstəlik 2015-ci ildə serialın çəkildiyi Cənubi Koreyada da bir pandemiyaya səbəb olmuşdu. Yaxın şərq xaricində ən böyük MERS yayılımı olaraq dəyərləndirilən bu virus həmin ölkədə 38 nəfərin ölümünə səbəb olmuşdu. Serialda MERS pandemiyasından bəhs edilməsi ölkənin həmin dövr olan gündəmi ilə üst-üstə düşməsi səbəbindən təsadüfi deyil.
Bütün koronaviruslar bir-birinə biraz bənzəyir
Serialdakı uydurma koronavirusun inkubasiya müddəti və müalicəsinin olmaması Covid-19 ilə bənzəsə də əvvəlki pandemiyalar da ilk başlayanda müalicələri yox idi. Koronavirusların hamısı tənəffüs yolu xəstəliklərinə səbəb olur, yəni serialda xəstəliyin ağ ciyərlərə təsir etməsindən bəhs olunması normal haldır.
Eləcə də serialın digər epizodlarına baxdıqda serialdakı virusun Covid-19 ilə tamamilə fərqli olduğunu görmək mümkündür. Serialda guya biosilah kimi “yaradılan” virusun peyvəndi var. Seriala əsasən "Cors" olaraq adlandırılan virusun əvvəlcə peyvəndi hazırlanıb. Məqsəd isə təlaş yaradaraq peyvənd satışını artırmaqdır. Bu senari ekranlarda görməyə öyrəşdiyimiz konspirasiya nəzəriyyələri ilə bənzərdir.
Covid-19 əleyhinə isə ilk peyvəndin hazırlanması və dünyada ilk tətbiqi 2020-ci ilin sonlarına doğru mümkün oldu. Serialdakı virus insan tərəfindən yaradılır və ilk mərhələdə cihaz köməyi ilə yayılması planlanır. Eləcə də virusun öldürmə nisbətinin serialda əvvəlcə 90 faiz sonra isə 20 faiz olduğu bildirilir. Covid-19-un isə öldürmə nisbəti 3-4 faizdir. Pandemiya başladığından bəri Covid-19-un insan istehsalı olduğu, laboratoriya məhsulu olduğu kimi bir çox iddia irəli sürülsə də elmi sübutlar bu iddiaların yanlış olduğunu göstərib.
Koronaviruslar 1960-cı illərdən bəri müəyyən edilib. 2019-cu ilin sonlarında aşkarlanan SARS-CoV-2 (Covid-19) də, 2002-ci ilin sonlarında aşkarlanan SARS-CoV-1 də, 2012-ci ildə aşkarlanan MERS-CoV da bu virus ailəsinə mənsubdur.
Nəticə etibarilə serial Covid-19 pandemiyasını təxmin etməyib. Serialda koronaviruslardan bəhs edilməsi normal haldır, çünki Cənubi Koreyada 2015-ci ildə MERS pandemiyasına görə 38 nəfər həyatını itirib. Bundan əlavə koronaviruslar 1960-cı illərdən bəri mövcuddur.
Fərqli dillərdə gündəmə gələn iddia daha əvvəl fərqli fakt yoxlama quruluşları tərəfindən yanlışlanıb.