Xəbər saytlarında yayılan bir məlumatda isveçli alimin iqlim böhranı ilə mübarizə aparmaq üçün insan əti yeməyi tövsiyə etdiyi iddia olunub.
İddia yerli və beynəlxalq mətbuatda da yayılıb
İddianı internetdə araşdırdıqda 2019-ci ildə bənzər başlıqlarda xəbərlərə Türkiyədən və beynəlxalq mətbuatdan bir çox xəbərə rast gəlirik.
Lakin iddia ilk dəfə The Epoch Times-ın “Swedish Researcher Advocates Eating Human Flesh to Combat Climate Change Food Shortages” (isveçli araşdırmaçı iqlim dəyişikliyindən qaynaqlanan qida çatışmazlığı ilə mübarəzidə insan əti yeməyi tövsiyə edir) başlıqlı xəbər ilə ortaya atılıb.
“İqlim dəyişikliyi təşvişi qorxulu bir hal alıb” ilə başlayan xəbərə əsasən isveçli davranış alimi Magnus Söderlund, gələcəyin qida məhsulları haqqında keçirilən Gastro Summit tədbirində bir təqdimat edib. Yenə eyni xəbərə görə Söderlund təqdimatında, gələcəkdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apara bilmək üçün insan əti yemək ideasının canlandırılmalı olduğunu deyib. Xəbərdə onun İsveç televiziyası TV4-ə verdiyi müsahibədə də bənzər ifadələrdən istifadə etdiyi qeyd olunub. Bəs Söderlund əslində nə deyib?
Müsahibənin başlığı ilə Söderlundun ifadələri tutarlı deyil
Söderlundun qoşulduğu proqramın videosunu internetdə tapmaq mümkündür. Müsahibədə istifadə edilən başlığı Google Tərcümə ilə tərcümə etdikdə başlığın “İnsan əti iqlimi xilas etmək üçün alternativdir. Professor iqlimi xilas etmək üçün adamyeyən olmağımızla bağlı seminar keçirir.” olduğunu görürük.
Magnus Söderlundun karyerasını araşdırdıqda Stockholm School of Economics-də Marketinq və Strategiya bölümündə professor olduğunu görürük. Universitetin veb səhifəsində Söderlund, iş sahəsinin istehlakçı davranışları və fərqli marketinq texnikaları üzrə olduğunu qeyd edib. Yəni Söderlund iqlim mövzusunda işləyən bir akademik deyil.
İddianı internetdə araşdırdıqda Avropa Birliyi Xarici Əlaqələr Xidmətinin dezinformasiya ilə mübarizə məqsədilə əsasını qoyduğu East StratCom Task Force-un layihəsi EuvsDisinfo-da mövzu ilə bağlı yazıya rast gəlirik.
Yazıda onun iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün insan əti yeməyi tövsiyə etmədiyi qeyd olunub. İş sahəsi qida istehlakı üzrə tabular olan Söderlund, televiziya proqramında tabularımızı yenidən gözdən keçirməli olduğumuz zamanların gələ biləcəyini deyib. Söderlund ilə aparıcı arasındakı dialoq isə belədir:
“Aparıcı: Lakin siz bunu reallaşacaq bir şey kimi görmürsünüz… Bu böyük və populyar olan həşəratları yemək məsələsi kimi deyil.. Bu haqda çox araşdırma var, böyük şeflər bu mövzuda [həşərat yemək] müzakirə edir, iqlim mövzusunda yaxşı olacağını düşünürlər. İnsan əti yeməkdən bəhs etdikdə belə olmayacağınımı düşünürsünüz?
Söderlund: Bəli, bu çox da mümkün deyil. Həşərat mövzusuna gəldikdə isə çox müzakirəyə səbəb olsa da gözlənilən qədər populyar deyil, ən azından qərbdə. Yenə də 2 milyard qədər insan müntəzəm şəkildə həşəratları yeyir, lakin bu insanlar qərbdə yaşamır. İnsanların qida maddəsi olaraq həşəratlara qarşı münasibətini müəyyən etmək üçün sadəcə bir neçə araşdırma aparılıb, lakin çox çox az insanın bunu həyəcanlı bir şey kimi dəyərləndiyi məlumdur. İnsan ətində iyrənmə həddi isə çox daha yüksək olardı.
Aparıcı: Bəlkə də bunun üçün minnətdar olmalıyıq…
Söderlund: Lakin iqlim və davamlılıq kimi müxtəlif mövzularda həqiqətən də edəcək bir şey qalmadığı zaman belə bir hal olsa məsələni gündəmə gətirmək vacib olacaq.”
Eləcə də Söderlundun müsahibəsini avtomatik tərcümə ilə izlədikdə EuvsDisinfo-dakı tərcümə ilə tutarlı olduğunu görürük.
Yəni Söderlund iqlim böhranı ilə mübarizə üçün insan əti yeməyi tövsiyə etməyib. Aparıcının sualına cavab olaraq fərqli davamlılıq və iqlim problemləri yaşanması və başqa bir seçim qalmadığı halda insan əti yemək məsələsinin düşünülə biləcəyini deyib.
Söderlund ifadələrinin təhrif edildiyini dedi
Teyit Magnus Söderlund ilə əlaqəyə keçdi, o cümlələrinin təhrif edildiyini bildirdi:
"Bu mövzuda təəssüf ki, çox yanlış anlaşılmalar var. Baş verən budur: bir çox insan artıq ənənəvi ət məhsullarını yemək istəməyədiyini bildirdiyi üçün bunun yerinə nə yeyiləcəyi maraq doğura bilər. Bu mövzuda bəzi fikirləri eşitmək üçün bir qida yarmarkasında iştirakçılara sual vermək imkanım oldu, onlara bir ət məhsulu göstərərək bunu yeməyi düşünərdinizmi deyə sual verərkən məzmunu müxtəlifləndirdim. (inək əti, vegetarian ət, həşəratlar və sair.). İnsan əti həddin harada olduğunu görmək üçün ekstremal nümunə kimi daxil edilmişdi.
Ardından bu mövzu müxtəlif saytlarda fərqli şəkillərdə yayıldı. Mövzunun qlobal istiləşməyə və digər iqlim məsələsinin ciddi bir formada ələ alınmalı olduğuna inanmayan insanlar tərəfindən təhrif edildiyini düşünürəm. [...]
Bilinməsi üçün deyirəm: Mən insan əti yemək istəmirəm, yeyilmək istəmirəm, insan əti yeməyin iqlimə təsir edəcəyini düşünmürəm, mən bir aktivist deyiləm, mən insanların etdiyi və etmədiyi şeylərin qaranlıq tərəfləri haqqında da sual verməyin mümkün olmalı olduğunu düşünən bir araşdırmaçıyam.”
Yəni Söderlund tədbirdə iqlim dəyişikliyindən müstəqil olaraq sadəcə insanların nəyi yeyib nəyi yeməyəcəklərini düşündüklərinə dair sual verdiyini deyir.