22 yaşlı iranlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəb ilə saxlanıldıqdan sonra dünyasını dəyişməsinin ardınca başlayan etirazlar iki aya yaxındır ki, davam edir.
Noyabrın 9-da bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri İran parlamentinin etirazlar zamanı saxlanılan təxminən 15 min nəfərin edamını təsdiqlədiyini yazıblar.
Bu yazılarda İran parlamentinin etirazçıların səs çoxluğu ilə edam cəzasının lehinə səs verdiyi iddia edilib və mənbə kimi “ Newsweek” göstərilib.
Parlamentin iclasında 15 min nəfərin edam edilməsi ilə bağlı qərar qəbul olunmayıb
Newsweek yazır ki, İranlı deputatlar son günlər həbs olunan etirazçılara qarşı cəzaların sərtləşdirilməsinə çağırıblar. CNN bildirib ki, İran parlamentinin 227 deputatı tərəfindən imzalanmış bəyanatda etirazçılara sərt cəza verilməsi tələb edilib ki, bu da “ən qısa zamanda yaxşı dərs olacaq” ifadəsi yer alıb.
Bu məlumat əsasında ingilis dilində “İran, etirazçılar, 227 deputat” sözləri ilə axtarış aparıldıqda Reuters-in dərc etdiyi məqaləyə çatmaq olur. Reuters xəbər verir ki, 290 deputatdan 227-si məhkəmə sistemini etirazçılarla qətiyyətli davranmağa çağırıb.
Bəyanatda tələb olunurdu ki, ibrətlik olsun deyə, onlar sərt şəkildə cəzalandırılsınlar. Bəyanatda
“İŞİD kimi isti və soyuq silahlarla insanların canına və malına hücum edənlərin qısa zamanda dərs vermələrini istəyirik” ifadəsi yer alıb.
Xəbərin mənbəyini tapmaq üçün Google axtarışında İran dövlət mediasından Press TV xəbərlərini tapırıq. Xəbərin təfərrüatlarından öyrənirik ki, parlamentin bazar günü, noyabrın 6-da keçirilən iclasında 277 deputat ədliyyə orqanlarına çağırış bəyanatı imzalayıb.
Millət vəkilləri bəyanatda ədliyyə orqanlarını həm etirazlarda iştirak edənlərin, həm də onlara kömək edənlərin ən ağır cəzasını nəzərdən keçirməyə çağırırlar. Press TV xəbərlərində “edam” sözü yer almayıb.
Mövzu ilə bağlı axtarışları davam etdirdikcə Al Monitor, CNN və Radio Free Europe -dan xəbərlərlə rast gəlirik.
İranın İnsan Haqları ( https://archive.ph/ifcIB)təşkilatından verilən açıqlamada 227 deputatın ədliyyə orqanlarını etirazçılara ölüm hökmü çıxarmağa və tətbiq etməyə çağırdığı yazılıb. Bəyanatda 15 min nəfərin edamının parlament tərəfindən təsdiqləndiyi barədə məlumat yoxdur.
İranın İnsan Haqları təşkilatının məlumatına görə, Ədliyyə Sisteminin rəhbəri Möhseni-Ejei Ali Şuranın noyabrın 7-də keçirilən həftəlik iclasında etirazçılara ölüm cəzası verilməsini müdafiə edib.
İran İnsan Haqları təşkilatı bildirib ki, ən azı səkkiz etirazçı edam cəzası tələb edilən Tanrı düşmənçiliyi və təhlükəsizliklə bağlı ittihamlar ilə üz-üzədir.
Təşkilatın yaydığı açıqlamada xatırladılır ki, İran İslam Respublikasının hakimiyyəti qorumaq üçün müxalifəti sıxışdırmaqda siyasi alət kimi ölüm hökmünü istifadə edən bir keçmişə sahibdir.
Sosial mediada yazılanlara mənbə kimi göstərilən jurnalist Omid Memarian“İyrənc! Küçələrdə 100-lərlə etirazçını öldürdükdən və zorakılıqlardan sonra İranda 227 millət vəkili etirazçılara “Mohareb” adını verib və məhkəmə sistemindən “edam” hökmü çıxarmasını istəyib. Dünya reaksiya verməlidir. Təhlükəli!" - deyə, yazır. İran parlamentinin 15 min nəfərin edam cəzasını təsdiqlədiyi barədə məlumat yoxdur.
İran edam cəzalarını Ali Məhkəmə təsdiqləyir
İranda bütün edam cəzalarını ədliyyə orqanı rəhbəri tərəfindən təyin olunan ali məhkəmə təsdiqləməlidir.
1979-cu ildə qəbul edilən və 1989-cu ildə düzəliş edilən İran Konstitusiyasına əsasən, parlamentin ölüm cəzasını tətbiq etmək və ya təsdiq etmək səlahiyyəti yoxdur.
Hazırda iranlı deputatların ədliyyəyə çağırış etdiyi bəyanatından 15 min nəfərin edam cəzasının təsdiqlənməsi ilə bağlı bir nəticəyə gəlmək mümkün deyil.