Rusiyada qismən səfərbərlik elanından sonra sosial mediada şübhəli məlumatlar da paylaşılıb. Sosial mediada yayılan fotonun Rusiya-Qazaxıstan sərhədindən olduğu iddia edilib.
Foto ABŞ-dakı festivaldandır
Fotonu TinEye adlı axtarış motorunda əks axtarış üsulu ilə araşdırdıqda, səfərbərlik elanından əvvələ aid olduğunu görürük. Foto 28 avqust-5 sentyabr tarixləri arasında ABŞ-ın Nevada ştatındakı Black Rock səhrasında keçirilən “Burning Man” festivalındandır. Mətbuatda verilən məlumata əsasən festival bitdikdən sonra çıxışa doğru gedən maşınlar saatlarla gözləməli olub. Foto isə uzun tıxacın yarandığı anı göstərir.
Fotonun çəkildiyi anı göstərən videoları da internetdə tapmaq mümkündür.
Rusiyada səfərbərliyin elan edildiyi 21 sentyabr tarixindən bəri 180 mindən çox rus ölkəni tərk edib. Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalykov, səfərbərliyin elan edildiyi gündən 27 sentyabr tarixinə qədər sərhədi keçənlərin sayının 98 min olduğunu bildirib.