Sosial mediada paylaşılan fotonun Mahsa Amini etirazlarında kəsilən saçlardan hazırlanmış bayrağı göstərdiyi iddia edilib.
Fotodakı əsər 2016-cı ilə aiddir
Fotonu əks axtarış üsulu ilə araşdırdıqda Mahsa Amini etirazları kontekstində 22 sentyabr 2022-ci il tarixində paylaşıldığını görürük. Mavi işarəli hesabın paylaşımı 54 minin üzərində interaksiya toplayıb. Lakin paylaşımdan bir gün sonra eyni hesab əsərin sənətçi Edith Dekyndt tərəfindən hazırlandığını qeyd edib.
Açar sözlərlə axtarış etdikdə, fotodakı əsərin 2016-cı ildə belçikalı sənətçi tərəfindən hazırlandığını öyrənirik. Onun şəxsi internet səhifəsindəki portfolio sənədində bu əsər haqqında detal məlumat verilib.
Mənbə: Edith Dekyndtin portfoliosu, Ombre indigène, 31-ci səhifə.
Eyni zamanda Belçikanın paytaxtı Brüsseldə yerləşən audiovizual incəsənət mərkəzi ARGOS ilə müasir incəsənət mərkəzi Wiels də Edith Dekyndt tərəfindən hazırlanmış əsər haqqında məlumat və fotolar paylaşıb.
Mənbə: Brüsseldə yerləşən audiovizual incəsənət mərkəzi ARGOS
Mənbə: Brüsseldə yerləşən müasir incəsənət mərkəzi Wiels
“Ombre indigène” adlı əsər haqqında verilən məlumatda, bayraqdakı saçların Martinik adasının Diamant sahilindəki qayalıqlardan toplandığı bildirilib. 1830-cu il aprelin 8-də afrikalı qulları daşıyan qayığın həmin sahildəki qayalara çırpıldığı və həlak olduğu məlumatı da əsər ilə birlikdə paylaşılır.
İrandakı Mahsa Amini etirazları
2022-ci il sentyabrın 13-də Mahsa Amini adlı iranlı qadın hicab qaydasını pozduğu iddiası ilə Qəşti İrşad (əxlaq polisi) tərəfindən həbs olunub və sentyabrın 16-da həyatını itirib. Mahsa Amininin ölümünün ardından ölkədə etiraz dalğası başlayıb, İranda və dünyanın müxtəlif ölkələrində qadınlar etiraza dəstək məqsədi ilə saçını kəsib. Oslo mərkəzli İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına əsasən etirazlarda ən azı 108 nəfər həyatını itirib.