Sosial mediada illərdir paylaşılan bir fotonun ilk dəfə Hindistanda görülən yeddi başlı ilanı göstərdiyi iddia olunub.
Foto əslində montajdır
Fotonu əks axtarış üsulu ilə araşdırdıqda orijinal versiyasını tapırıq. 2014-cü ildə ildən bəri yayılan fotoya yeddi baş montaj üsulu ilə əlavə olunub.
Fotonun fərqli tarixlərdə fərqli şəkildə montaj edilərək üç başlı ilan, beş başlı ilan və yeddi başlı ilan iddiaları ilə internetdə paylaşıldığını görürük. Daha əvvəl Snopes, USA Today kimi bir çox qurum iddianın doğru olmadığını bildirib.
2019-cu ilin oktyabr ayında yeddi başlı ilan dərisi tapıldığına dair iddia internetdə viral olub. Hindistanın Karnataka adlı bölgəsində tapıldığı iddia edilən bu dəri Bangalore bələdiyyəsinin ekspertləri tərəfindən baxış keçirilib və məlum olub ki saxtadır.
Bundan əlavə ekspertlər təbiətdə iki başlı ilanlara belə nadirən rast gəlindiyini, yeddi başlı ilan doğulmuş olsa belə uzun müddət keçmədən tələf ola biləcəyini vurğulayır. Dünyada isə yeddi başlı ilan görüldüyünə dair hər hansı bir fakt yoxdur.
Yeddi başlı ilan Antik Hind dövründən qalmış bir əfsanədir
Yeddi başlı ilandan Antik Hind dövründən qalan və dünyanın yaradılışı, tanrılar haqqında hekayələrin olduğu mətnlər toplusu Puranas-da bəhs edilib. “Shesha” , “Adishesha” və ya bəzən “Sheshanaga” olaraq adlandırılan varlıq bütün ilanların (Nāga) kralı və yaradılışın ilk canlılarından biri olduğuna inanılır. Shesha bəzən beş başlı bəzən yeddi başlı bəzən də min başlı ilan olaraq təsvir edilir.
Yuxarıdakı şəkildə də Hinduizmdə inanılan Vishnu adlı tanrının Sesha üzərində uzanması təsvir olunub.
İddia şəkli daha əvvəl Azərbaycandan olduğu məlumatı ilə paylaşılıb və Doğruluk Payı tərəfindən araşdırılıb.