Sosial şəbəkədə paylaşılan iddialarda, Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı bir nəfəri göstərən fotonun, 2 oktyabr 2021-ci il tarixində dövlətə xəyanət maddəsi ilə həbs edilən Zəki Zəkiyev Aydın oğlunu göstərdiyi iddia olunub.
Fotodakı şəxs başqa səbəblə həbs edilib
İddia fotosundan aldığımız ekran görüntüsünü əks axtarış üsulu ilə Google-da araşdırdığımız zaman 2021-ci ilin iyun ayına dair xəbərlərə rast gəlirik. Bu xəbərlərdən fotodakı şəxsin Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılan Mirismayıllı Mirəhəd Tofiq oğlunu göstərdiyi məlumatını əldə edirik.
Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi internet saytına nəzər yetirdikdə, 18 iyun 2021 tarixli açıqlamanı tapmaq mümkündür. Buradakı məlumata əsasən, fotodakı şəxs, 2021-ci ildə Ukraynada həbs edilərək Azərbaycana gətirilən, “Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə” maddəsi ilə həbs edilən şəxs olduğunu öyrənirik. Dövlət Təhlükəsizlik Xidməti, həmin şəxsin həbs edildiyi ana dair video da paylaşıb.
2 oktyabr 2021-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən dövlətə xəyanət maddəsi ilə həbs edilən Zəkiyev Aydın Zəki oğlunun isə fotosu mövcud deyil.