Xəbər saytlarında və sosial şəbəkədə paylaşılan bir fotonun Ermənistan ilə döyüşmək üçün Azərbaycana göndərilən “Sultan Murad” briqadasının üzvlərini göstərdiyi iddia edildi.
Foto 2019-cu ildəndir
Axtarış motorlarında əks axtarış üsulu ilə fotonu axtardıqda 2019-cu ildən olduğu məlumatını və orijinal versiyasını əldə edirik.
Foto, France 24, International Business Times (U.S.), Times of Israel kimi xəbər qurumlarına yazan Nazeer Al Khatib adlı müxbir tərəfindən 2019-cu ilin oktyabr ayında Suriya sərhədindəki Ras al-Ain şəhərində çəkilib. Şəkillə bağlı detallı məlumata GettyImages-dən baxmaq mümkündür.
AFP-nin də rəsmi internet səhifəsində həmin foto və eyni gün Nazeer Al Khatib tərəfindən çəkilmiş digər fotolar mövcuddur.
27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ərazisində başlayan döyüşlər davam etməkdədir.
Xəbərdə adı keçən Sultan Murad Briqadası, Suriyada, 28 mart 2013-cü ildən bəri fəaliyyətdə olan silahlı bir qrupdur. Qrup Bəşər Əsəd rəhbərliyinə və İŞİD - PYD/PKK-ya qarşı qurulduqlarını bildirir. Suriya İnsan Haqları Müşahidə Heyətinin sədri Rami Abdulrahmanın iddiasına əsasən bu briqadanın üzvləri Azərbaycanda döyüşən əsgərlər arasındadır. Azərbaycan və Türkiyə bu iddiaları yalanlayan açıqlamalar verib.