Tez-tez haqqında yayılan yanlış məlumatlar ilə gündəmə gələn Bill Qeyts ilə bağlı yeni bir iddia ortaya atılıb. Sosial mediada paylaşılan və Bill Qeytsi göstərən bir fotonun, onun qonaq olduğu bir proqramda aparıcıya boş çek vərəqi uzatdığını göstərdiyi iddia edilib. İddiaya əsasən aparıcıların “uğurunuzun sirri nədir?” sualına cavab olaraq o çek uzadıb və jurnalistdən istədiyi məbləği yazmasını istəyib, lakin jurnalist bunu geri çevirəndə iş adamı “Mənim uğurumun sirri odur ki, mən, qarşıma çıxan fürsətləri qaçırmıram. Hansı ki, az öncə siz dünyanın ən varlı jurnalisti olmaq fürsətini qaçırdınız” cavabını verib.
Verilişdə belə bir dialoq yoxdur
İddia fotosunu əks axtarış üsulu ilə araşdırdıqda, fotonun Britaniya kanalı ITV-nin “This Morning” adlı proqramından olduğunu görürük. 26 oktyabr 2016-cı il tarixli verilişin videosunu internetdə tapmaq mümkündür. Videonu izlədikdə “uğurunuz sirri nədir?” sualına rastlanmır. Eləcə də videoda sözügedən çek hekayəsi yoxdur.
İddia daha əvvəl də başqa dillərdə sosial mediada gündəmə gəlib. İngilis dilində açar sözlər ilə axtarış etdikdə belə bir veriliş və ya müsahibəyə rastlanmır. İddianın internetdə foto olmadan paylaşılmış 2019-cu il tarixli versiyasını tapmaq mümkündür. Lakin bu yazının müəllifi də iddianın əfsanə ola biləcəyini qeyd edib.
Reuters və USA Today daha əvvəl iddianı araşdırıb və yanlış olduğunu ortaya qoyub. Gates Foundation hər iki quruma da açıqlama verərək iddianın yanlış olduğunu bildirib.