Sosial mediada paylaşılan bir videoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevanın gəlinləri ilə selfi paylaşdığı iddia edilib.
Fotonu tərsinə axtarış üsulu ilə axtardığımız zaman fərqli məlumatlarla qarşılaşırıq. 2023-cü il aprelin 29-da "Musavat.com" saytının yazdığı xəbərin başlığında "Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyeva ilə selfi çəkdirdilər", deyə qeyd edilib.
Türkiyəli atletlər Bakıda
"Google"a "Türkiyəli atletlər Bakıya gəldi" açar sözü yazaraq axtarış edirik. 27 aprel tarixində "Qafqazinfo"nun yazdığı xəbərdə qeyd edilir ki, İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycana gəlib.
Bakıya gələn nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.
Əliyevlər ilə foto çəkdirən xanım kimdir?
Videoda "Əliyevlər ailəsinin gəlini" kimi iddia edilən xanım Türkiyəli atlet Cansu Bektaşdır. "Google"a "Cansu Bektaş, milli hatlter" yazdığımız zaman bir çox informasiya ilə qarşılaşırıq.
Fotoğraf: Metin Aktaş / AA
2023-cü il 15-23 aprel aralığında Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Ağır Atletika Çempionatında Cansu Bektaş qadınlar arasında 45 kq çəki dərəcəsində 3 qızıl medal qazanaraq Avropa rekordunu qırıb.
2023-cü il mayın 5-də "Anadolu Ajansı"na müsahibə verən Cansu Bektaş bildirib ki, azərbaycanlı dostlarıma söz vermişdim, İrəvanda Dövlət Himnimizi oxuyacağam.
İlham Əliyev və Mehriban Əliyeva türkiyəli idmançılarla görüşdü
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
İlham Əliyev Azərbaycana gələn idmançıları salamlayaraq bunları qeyd edib: "Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı türk bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan – iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq."
Əliyevlərin gəlini kimdir?
Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin evlənməsi ilə bağlı xəbərlərə 2022-ci ilin 26 noyabrında rast gəlirik.
Toyla bağlı xəbər H. Əliyevin anası, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkədə paylaşım etməsindən sonra yazılıb.
Heydər Əliyevin evləndiyi xanım kimdir?
Azərbaycan mətbuatda qeyd olunub ki, toy geniş ictimaiyyətə qapalı şəkildə keçirilib. Heydər Əliyevin evləndiyi xanımın kim olması, hansı işi görməsi barədə mətbuatda heç bir məlumata rast gəlinmir.
Heydər Əliyevin xanımı ilə bağlı ilk görüntülər 2023-cü ilin may ayının 10-da paylaşılıb.
Görüntüləri Azərbaycan mətbuatı cütlüyün mediada yayımlanan ilk fotosu kimi təqdim edib.