Xəstəxana yatağında uzanmış bir adamın üzərinə qonan göyərçin fotosu sosial mediada bir hekayə ilə birlikdə paylaşıldı. Paylaşımlarda, fotonun bir tibb bacısı tərəfindən çəkildiyi, fotodakı şəxsin 23 gündür xəstəxanada olduğu və heç bir yaxının xəstəni ziyarət etmədiyi, lakin fotodakı göyərçinin hər gün xəstəni ziyarət etmək üçün otağa gəldiyi iddia edildi.
Paylaşılan hekayədə, həmin xəstənin yaxınlıqdakı bir parkda göyərçinlərə hər gün yemək verdiyi də deyilir.
Foto Azərbaycanda çəkilməyib və 2013-cü ildəndir
İddiadakı fotonu əks axtarış üsulu ilə araşdırdıqda çıxan nəticələrdən əslində 2013-cü ilə aid olduğunu görürük. Fotonun ilk paylaşıldığı yer Flickr-dır. Fotonu çəkən və ilk dəfə internetdə paylaşan isə Ioannis Protonotarios adlı şəxsdir. Foto haqqında detallı məlumatlar Flickr saytında verilib. Foto, 19 oktyabr 2013-cü ildə çəkilib. Flickr-dakı xəritə məlumatlarındakı koordinatları Google Xəritələrdə axtardıqda, Yunanıstanın Afina şəhərində, Qırmızı Xaç xəstəxanasında çəkildiyini görürük.
Şərhlərə baxdıqda Protonotariosun fotonu, atası xəstəxanada olarkən çəkdiyini görürük.
Foto sadəcə Azərbaycanda deyil, bir neçə ölkədə də viral hal alaraq paylaşılıb. Digər yoxlama qurumları da foto haqqında yazılan hekayənin doğru olmadığını ortaya qoyub.
The Quint komandası fotonun əsl hekayəsini öyrənmək üçün Protonotarios ilə əlaqəyə keçib. O, atası xəstəxanada olarkən atasının olduğu otaqda yatan digər xəstənin yanına göyərçin qonduğu anda fotonu çəkdiyini, bu fotonun çəkilməsindən bir müddət sonra həmin xəstəni və ya göyərçini bir daha görmədiyini bildirib.