Sosial mediada fotosu yayılan bu ağacın qanadığı iddia olunur. Ağac sosial mediada daha əvvəl türk dilində də 340 ildir ki, qanadığı iddiası ilə paylaşılmışdı.
Qan deyil qırmızı qətrandır
Şəkildə sözü keçən ağac "dracaena draco" növünə aiddir. Həmin ağacın xüsusiyyətlərindən biri kəsildiyi zaman qırmızı rəngli qətran ifraz etməsidir. Bu bitki "qardaş qanı" və ya "əjdaha qanı" olaraq da adlanır. Ağac təbii olaraq Azərbaycanda yetişmir, lakin isti iqlimlərdə 15 metrə qədər uzana bilir, yarpaqları isə 1 metr uzunluğuna çatır. Ağacdan ifraz olunan qətran skripka və müxtəlif taxta əşyaların (mebellərin) cilalanmasında istifadə olunur. Bəzi insanlar qətranın şəfa verdiyinə inanaraq onu yığıb saxlamağa üstünlük verirlər. Bu qətranın kəşfi 15-ci əsrə aiddir.
Ağacın ömrü 365 ildir
Şərqi Hindistan adaları və Orta Afrikada yetişən bu ağacın ən nəzərəçarpan xüsusiyyəti qırmızı rəngdə axan qətranıdır. 1975-ci ildə ən yaşlı ağacın təxmini 250 yaşında olduğu hesablanıb. Ağacın ən uzun ömrünün 365 il olduğu bildirilir.
Bənzər qırmızı qətran ifraz edən "Kiaat" adlı digər bir ağac növü də mövcuddur. Qanayan ağacla bağlı iddialarda ümumilikdə bu ağacın şəkillərindən istifadə edilir.
Kiaat ağacı
Yenə Afrikada yetişən ağac 16 metrə qədər uzana bilir və qətran ifraz etməsi səbəbindən “sehrli” olduğuna inanılır. Bu ağacdan alınan qətran müxtəlif dərman vasitələrində istifadə edilir. Ancaq bu bitkinin ömrü təxminən 100 ildir.