Sosial mediadakı bəzi hesablar, yaşıl dəmir hasarlı və asma kilidli bir məzarın görüntüsünün Pakistanda artan nekrofiliya hallarına qarşı ehtiyat tədbirini göstərdiyini iddia edıb.
Foto bir çox ölkələrdə sosial media istifadəçiləri tərəfindən paylaşılıb.
Necə yayılıb?
İddia edilən fotonun 25 apreldə "Twitter"də xarici sosial media hesablarından yayıldığı görünür.
Sosial mediada şəkli Pakistanla əlaqələndirən ilk paylaşımlardan biri "Twitter" istifadəçisi @S0UL_2_S0UL-a məxsusdur. Xəbərin yayılması, bir neçə fərqli xəbər saytının və çoxlu izləyicisi olan sosial media istifadəçilərinin görüntünü yayması və bunun Pakistanda nekrofiliya hallarına qarşı tədbir kimi alındığını iddia etməsi ilə bağlıdır.
"India Today" və "Daily Times" kimi xəbər saytlarına əlavə olaraq, @MrSinha_, @TheHarrisSultan kimi çoxsaylı izləyiciləri olan hesabların mövzu ilə bağlı paylaşımları iddianın geniş yayılmasına şərait yaradıb.
Şəkildəki məzar Hindistandadır
Görüntü yayıldıqdan və böyük müzakirələrə səbəb olduqdan sonra, Hindistanda yerləşən xəbər doğrulama saytı "Alt News" görüntünün mənbəyini araşdırıb. "Alt News" təkcə açıq mənbələri araşdırmaqla qalmayıb, həm də sahə müxbirləri və dəfn yerinin yerli sakinləri ilə danışaraq bu işə aydınlıq gətirib.
Yazıların diqqət mərkəzində olan görüntü Pakistandan deyil, Hindistanın Telanqana əyalətinin paytaxtı Heydərabaddakı qəbiristanlıqdandır. "Google" xəritələr xidmətindən istifadə edərək paylaşımda məzarın yerini müəyyən etmək olar.
"Alt News"un əlaqə saxladığı sosial işçi Abdul Jaleel iddia edilən qəbiristanlığı ziyarət edərək məzarın yenilənmiş fotoşəkillərini paylaşıb. Bu, görüntünün Pakistandan olmadığını qəti şəkildə sübut edir.
"Alt News" tərəfindən paylaşılan və məzarın hazırkı vəziyyətini göstərən fotolar aşağıdakılardır.
"Alt News"a müsahibə verən müəzzin Muqtar Sahabın sözlərinə görə, cənazə sahiblərinin tikdiyi dəmir barmaqlıq qəbrin tapdalanmasının qarşısını almaq üçün və ya ölülərini qeyri-qanuni olaraq başqa qəbirlərdə basdıranlardan qorumaq üçün tikilmiş ola bilər.
Şəhər sakinlərindən bir nəfər məzarın yetmiş yaşlarında vəfat etmiş qadına aid olduğunu və dəmir barmaqlıqların təxminən iki il əvvəl ölən qadının oğlu tərəfindən tikildiyini deyib. Lakin dəfn sahiblərinin bu barmaqlıqları nə üçün etdiyi dəqiq məlum deyil. Başqa sözlə, məzardakı dəmirin nekrofiliya üçün edildiyinə dair qəti sübut yoxdur.
Dünyada fəaliyyət göstərən müxtəlif xəbər doğrulama sayıtları da fotoşəkilin hekayəsinin yanlış çatdırıldığını bildirən məqalələr dərc ediblər.
Pakistanda nekrofiliya halları
"Alt News" xəbərindən sonra şəkli populyarlaşdıran sosial media hesablarından biri Harris Sultan "Alt News"un qurucusuna təşəkkür edib və üzr istəyib. “Allahın lənəti: İslamı niyə tərk etdim” (The Curse of God: Why I Left Islam) kitabı ilə tanınan yazıçı Harris Sultan yazısına görə üzr istəyib və bu xəbərə inanmasının səbəbinin Pakistanda nekrofiliya hallarının artması olduğunu bildirib.
Pakistanda son illərdə bəzi nekrofiliya halları mediada işıqlandırılıb. 2011-ci ildə Məhəmməd Riazın səkkiz il ərzində qırx səkkiz bədənə cinsi təcavüz etdikdən sonra tutulduğu xəbəri yayılıb. 2013-cü ildə 15 yaşlı qızın cəsədi dəfn edildikdən bir neçə saat sonra məzarının kənarında tapılıb və onun cinsi təcavüzə məruz qaldığı anlaşılıb. 2021-ci ildə qəzetlər oxşar cinsi təcavüz xəbəri haqqında məlumat verib.
Pakistanda son 12 ildə nekrofiliya hallarını göstərən və mediada yer alan xəbərlərdən hansı nəticəyə gəlinəcəyi sual doğurur. İllər ərzində nekrofiliya hallarının dəyişimini göstərən və ya bu sahədə Pakistan və digər ölkələri müqayisə edən heç bir elmi araşdırma yoxdur. Pakistanda nekrofiliya cinayətlərini müəyyən edən qanunun olmaması da bu hadisələrin təsnifatı, hesabatı və məhkəməyə cəlb edilməsi prosesinə çətinliklər yaradır və bu mövzuda elmi araşdırmaların aparılmasını çətinləşdirir.