Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında 10 aya yaxın davam edən münaqişədən sonra ilk xaricə səfərini ABŞ-a edib. Zelenskinin dekabrın 21-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşü iki ölkə arasında etimad və müttəfiqlik münasibətlərinin vurğulanması kimi şərh edilib.
Prezidentlərin görüşünün ardından sosial mediada bəzi iddialar gündəmə gəlib. Paylaşılan bir fotoda Baydenin əli ilə Zelenskinin ombasına toxunduğu əks olunub.
Foto montajlanıb
Fotonu tərsinə axtarış metodundan istifadə edərək axtardığımız zaman fotonun orijinalını tapa bilirik. Birinci xanım Cilli Bayden orijinal fotonu 22 dekabr 2022-ci ildə “Twitter”də paylaşıb. Orijinal fotoda Bayden Zelenskinin ombasına deyil, kürəyinə toxunur. Yəni sosial şəbəkədə yayılan foto montaj edilib.
Zelenskinin dekabrın 21-də Ağ Evə səfərindən fərqli fotolar da var. Lakin etibarlı mənbələrdə Baydenin Zelenskinin ombasına toxunduğunu göstərən foto yoxdur.
İki fotonu yan-yana qoyub araşdırdığımız zaman sosial mediada geniş yayılan fotonun manipulyasiya edildiyi fikrini dəstəkləyən bir sıra ipucuların olduğunu görürük.
Birincisi, montajlanmış fotoda Co Baydenin qolu adi haldan xeyli uzundur. İkincisi, Zelenskinin çiyin eni qeyri-adi dərəcədə genişdir. Bədən nisbətlərinin pozulması fotonun montajlanaraq düzəldiyini sübut edir.
Bundan əlavə, forensic analiz vasitəsilə fotonun rəqəmsal təhlilini apardıqda, fotoda müdaxilələri göstərən təhrifləri aşkar edə bilərik. Forensic analizində ağ və bənövşəyi nöqtələrin cəmləşdiyi bölgələr manipulyasiya edilən sahəni göstərir.