Sosial şəbəkədə paylaşılan bir videoda Covid-19 ilə bağlı bir çox iddialar verildi. Bu iddialar arasında yeni koronavirusun təhlükəsiz olduğu, maskaların virusdan qorumaq üçün işə yaramadığı və koronavirusa yoluxaraq immunitet yaranacağı kimi iddialar var idi.
Azərbaycan dilinə tərcüməsi səsləndirilərək paylaşılan video 2020-ci ilin avqust ayında Ukraynada çəkilib. Videodan alınan ekran görüntülərini əks axtarış üsulu ilə araşdırdıqda aksiyanın Kiyev şəhərində keçirildiyini görmək mümkündür.
2019-cu ilin sonu həyatımıza girən SARS-CoV-2 (Covid-19) insan həyatı üçün olduqca təhlükəlidir. ÜST-ün də açıqlamasına əsasən koronavirusa yoluxanların 80 faizi xəstəxanaya getmədən sağala bilsə də, Covid-19 tənəffüs çatışmazlığı, əskin tənəffüs çətinliyi sindromu (ARDS), tromboz kimi xəstəliklərə yol açaraq virusa yoluxan şəxslərdə ölümə də səbəb ola bilir. Xəstəliyin başladığı gündən indiyədək bu analizin yazıldığı 16 aprel 2021 tarixinə qədər təkcə Azərbaycanda 4 mindən çox insan bu virusa görə həyatını itirib, dünyada isə Covid-19 virusuna görə həyatını itirənlərin sayı 3 milyondan çoxdur.
Maska virusdan qorunmaqda təsirlidir
Covid-19 yeni yayılmağa başlayanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Xəstəliklərinin Qarşısının Alınması və Nəzarət Mərkəzi (CDC) kimi qurumlar virusa yoluxanlardan başqa heçkəsə maska taxmağı məsləhət görmürdü. Lakin aparılan elmi araşdırmalar simptom göstərməyənlərin də xəstəliyi yaydığını ortaya çıxardı və beləcə həm CDC həm də ÜST maska ilə bağlı tövsiyyələrini yenilədi. Çox insanın toplaşdığı yerlərdə, qapalı yerlərdə və yoluxmanın yüksək olduğu yerlərdə maskalardan istifadə etmək virusun yayılmasını azaldır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Covid-19 virusuna yoluxmuş insanlarda antikor yarana bilir. ÜST-ün 2020-ci il avqust ayında yayınladığı bir hesabata əsasən, Covid-19-dan sağalan şəxslərin bir çoxunun qanında Sars-Cov-2 virusuna qarşı antikorlar aşkarlanıb. Bu antikor xəstələrin bir çoxunun sağalmasından 1-3 həftə sonra yaranır və bu da bir çoxunun sağalmağa başladığı dövrdür. Xəstəliyi ağır keçirənlərdə antikorun miqdarı yüksək aşkarlansa da yüngül keçirən və yaxud simptomsuz Covid-19 xəstələrində antikor səviyyəsi aşağı bəzən də aşkarlanması mümkün olmayacaq dərəcədə az olduğu müşahidə olunub. Eləcə də araşdırmalar antikorların üç ay sonra yox ola biləcəyini ortaya qoyur. Covid-19 virusuna qarşı antikorun olması bir şəxsin bu virusa qarşı imminutet qazandığına və ya bir daha yoluxmayacağı mənasına gəlmir. Çünki araşdırmalar hələ də davam edir və antikorun qoruyub qorumadığını demək üçün kifayət qədər məlumat yoxdur. Eyni zamanda başqa bir araşdırmaya əsasən bəzi şəxslərdə antikor olsa belə onlar virusu daşıya və başqalarına yoluxdura bilirlər.
İddiada Covid-19 virusunun xəstələrdə tromboza səbəb olmadığı deyilsə də , daha əvvəl ÜST, koronavirusun fəsadlarından birinin tromboz olduğunu vurğulayıb. Bir çox elmi araşdırmalar da Covid-19 xəstələrində tez-tez rast gəlinən fəsadlardan birinin tromboz olduğunu ortaya qoyub. Tromboz Covid-19 xəstələrinin birinci dərəcəli ölüm səbəbi olmasa da kritik xəstələrdə görülən fəsadları arasındadır.
Covid-19-a qarşı yeddi namizəd peyvənd hazırlayıb
Koronavirusların irsi maddəsində RNT mövcuddur. Əksər canlıların irsi maddəsi dezoksiribonuklein turşusu (DNT) olsa da bəzi viruslarınki ribonuklein turşusu (RNT)-dir. SARS-CoV-2 (Covid-19) də RNT virusudur. İddianın əksinə RNT viruslarına qarşı peyvənd hazırlamaq mümkündür və Covid-19 peyvəndi hazırlanan ilk RNT virusu deyil. Daha əvvəl də RNT virusu olaraq bilinən bir çox virusa da peyvənd hazırlandı. Sarı qızdırma, Poliomielit, Quduzluq, Qızılca və son olaraq peyvəndi hazırlanan yeni koronavirus da bunlardan biridir. Covid-19 virusuna əleyhinə hazırlanan peyvəndlər də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra 18 fevral 2021 tarixindən etibarən üç fərqli şirkət tərəfindən ən az yeddi peyvənd irəli sürüldü. Azərbaycanda da hazırda 1-ci mərhələ üzrə peyvənd olunanların sayı 23 min 891, 2-ci mərhələ üzrə peyvənd olunanların sayı isə 4 min 709-dur.
Videoda dilə gətirilən iddialardan biri də 2020-ci ildə Ukraynada vərəm xəstələrinin sayının Covid-19 xəstələrindən daha çox olduğu iddiası idi. 2020-ci ildə Ukraynda qeydə alınan Covid-19 yoluxmalarının statistikasına nəzər saldıqda həmin il bu rəqəmin 1 milyon 10 mindən çox olduğunu görürük. Vərəm xəstələrinə dair rəqəmləri isə Ümumdünya Səhiyyə Təşkilatının veb səhifəsindən əldə etmək mümkündür. ÜST-ün açıqlamasına əsasən Ukraynada təkcə 2020-ci ildə 17 min 593 vərəm yoluxma qeydə alınıb.
Videoda bir çox əsassız iddialar dilə gətirilib. Bunlardan bəziləri Covid-19 virusu ortaya çıxdığından bəri internetdə paylaşılan konspirasiya nəzərriyələri ilə eyni kateqoriyadadır. İddialar əsassız olduğu kimi elmi araşdırmaların gəldiyi nəticələr və əldə olunan faktlar ilə üst-üstə düşmür. İddia yanlış məlumatın yeddi növündən biri olan uydurma kateqoriyasına aiddir.