Britaniyada birlikdə yaşamayanların cinsi əlaqəyə girməsinin qadağan olduğu xəbəri sosial mediada və saytlarda paylaşıldı. Facebook-da iddia mindən çox istifadəçi tərəfindən bəyənildi.
Azərbaycanda da bəzi media saytlarında çıxan xəbər, Independent, Forbes kimi medialarda da yer aldı. Xəbər başlıqlarının çoxu cinsi əlaqəni vurğulayan “sex ban” kəliməsi ilə verildi. İddiada Britaniyada eyni evdə yaşamadan cinsi əlaqəyə girənlərin cəzalandırılacağı deyilir. Lakin Briyaniyada eyni evdə yaşamayanların cinsi əlaqəyə girməsinə xüsusi bir qadağa gətirilməyib. Britaniyanın Covid-19 ilə mübarizə çərçivəsində “The Health Protection” qanununa edilən əlavələrdə bəzi məhdudiyyətlər gətirildi.
Qanunda gətirilən məhdudiyyət “İki və ya daha artıq şəxsin eyni yerdə bir-birilə sosial qarşılıqlı əlaqədə olmaq və ya bir-biri ilə başqa hərhansı bir fəaliyyət göstərmək;” olaraq ifadə edilib.
Məsələ cinsi əlaqə deyil, məsafədir
Qanunda yer alan maddələr, eyni evdə yaşamayan iki və daha artıq şəxsin eyni evdə toplaşıb qarşılıqlı fəaliyyətdə olmasını nəzərdə tutur. Burada cinsi əlaqəyə dair hər hansı bir vurğu yoxdur. Covid-19 dövründə fərqli evlərdən olan insanların eyni evdə toplaşmağı, aralarında cinsi əlaqə olub olmamağından asılı olmayaraq qadağandır.
“Çöldə olar, içəridə yox”
Yeni koronavirus insandan insana yoluxduğu üçün dünyada bir çox hökümət sosial məsafə qaydalarını tətbiq etməyə davam edir. Britaniya höküməti rəsmi Twitter hesabında da insanları aralarında 2 metr məsafə saxlamağa çağıran paylaşımlar edib. Çölə çıxarkən 2 metr məsafəni qoruyaraq 6 nəfərin görüşə biləcəyini söyləyən hökümət, insanları evdə toplaşmamağa çağırır.
Nəticə etibarilə Britaniya höküməti, eyni evdə yaşamayan insanları cinsi əlaqədə olduqları üçün deyil, eyni evdə yaşamadıqları halda eyni evə toplaşdıqları və yeni gətirilmiş sosial məsafə qaydalarını pozduqları üçün cərimələyəcək. Bu iddia yanlış məlumatın ən geniş yayılmış yeddi növündən biri olan kontekstdən çıxarmaya nümunədir.