Sosial şəbəkədə Azərbaycanda səsgücləndiricilər ilə azan oxunmasının qadağan olduğu iddia edildi.
Lakin iddia doğru deyil. Azərbaycanda daha əvvəl bu mövzu gündəmə gəlsə də, səsgücləndirici vasitəsilə azan oxunmasına qadağa gətirən mövcud bir qanun yoxdur.
2007-ci ildə bu mövzu gündəmə gəlib
Mövzu ilə araşdırma etdikdə Azərbaycanda 2007-ci ildə səsgücləndiricilər vasitəsilə azan verilməsinin qadağan edildiyinə dair iddialara rastlamaq mümkündür. Mediada sadəcə qısa müddət ərzində qüvvədə olub daha sonra ləğv edilən qərar olduğuna dair xəbərlər mövcuddur. Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet səhifəsində həmin dönəmə dair sessisayalarda bu mövzunun müzakirə edildiyini görmək mümkündür. Xəbərlərdən birində isə 23 may 2007-ci ildə azanın səsgücləndirici ilə verilməsinə qadağan qoyulduğu, lakin 29 may 2007-ci ildə qadağanın ləğv edildiyi qeyd edilib.
Bu barədə dəqiq məlumat olmasa da Milli Məclisin rəsmi internet səhifəsinə baxdıqda 25 may 2007-ci il keçirilən iclasda azanın səsgücləndirici vasitəsilə verilməsi mövzusunun müzakirə edildiyini görürük:
“ P.Hüseyn.
...Oqtay müəllim, mən sözümün sonunda bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Bu, bilavasitə bu işlə bağlı deyil. Lakin ölkədə bir sıra şəxslər, seçicilər müraciət edirlər. Prezidentin İcra Aparatından, hökumətdən xahiş edirlər ki, məscidlərdə azanın oxunması ilə bağlı məsələyə aydınlıq gətirilsin. Süni surətdə ölkədə qarşıdurma yaradılmasın. Bütün dünyanın təcrübəsi var. Məsələ həmin təcrübəyə uyğun şəkildə nizama salınsın. Təşəkkür edirəm.”
“ M. Qurbanlı.
...O ki qaldı dini amildən istifadə eləmək cəhdinə, dünya təcrübəsindən danışırsınızsa, dünyanın müsəlman ölkələrinin heç də hamısında bu təcrübədən istifadə olunmur. Əgər siz dini ehkamlara, dini niyyətlərə bu qədər inanırsınızsa, onda həmin gücləndiricini, səsləndiricini bir dəfə öz evinizin qabağında qoyun və yatmağa çalışın. Həmin ərazidə yaşayan insanlar bununla bağlı müraciət edir. Hökumət demir ki, azan verilməsin. Azan canlı şəkildə, dədə-baba qaydasında, tarixən formalaşmış qaydada veriləcək. Bundan istifadə eləmək lazım deyil. Bundan narazılıq eləyən də yoxdur. Siz, sadəcə, bundan sui-istifadə eləmək istəyirsiniz. Sağ olun.”
Bu müzakirələrdən də başa düşülür ki, həmin dövrdə hökumət gündəmində azanın səsgücləndiricilər vasitəsilə verilməsi yerinə, canlı şəkildə oxunmasını planlaşdırılır. Buna səbəb də, məscidlərə yaxın ərazidə yaşayan insanlardan gələn müraciətlər göstərilir. Milli Məclisin 31 may 2007-ci il keçirilən iclasında da eyni mövzu barədə “məsələyə aydınlıq gətirilməsini” tələb edən şəxsin “məsələnin müsbət həll edildiyinə” dair nitqini görmək mümkündür.
“P. Hüseyn.
Təşəkkür edirəm, Ziyafət müəllim. Ötən iclasdan keçən müddətdə məscidlərdə azan verilməsi ilə bağlı məsələnin müsbət həll olunması çox yaxşı qarşılanmışdır. Heç şübhəsiz, bu, təqdir olunmalıdır. Yeri gəlmişkən dini etiqadla əlaqədar anlaşılmazlığın aradan qaldırılması üçün mən təklif edirəm ki, həm ali, həm də orta məktəblərdə islam tarixi və mədəniyyətinin təbliği məsələsinə diqqət artırılsın. Bu sahədə müasir dərsliklərin hazırlanması üçün tədbirlər görülsün. Dediyim məsələ müsbət həll olunsa, dinimiz barədə geniş təsəvvür yaranar.”
Digər nümayəndənin nitqindən də azanın səsgücləndiricilər vasitəsilə verilməyə davam etdiyini görürük.
“Q. Həsənquliyev
...Qaldı azanla bağlı mən də o fikirdəyəm ki, bizim mollalar özlərinə əziyyət verməli, məscidin minarəsinə çıxmalı və oradan canlı səslə namaza çağırmalıdırlar. Yoxsa daha indiki kimi yox.”
Bu mövzu sadəcə 2007-ci ildə deyil, həm də 2009-cu və 2017-ci illərdə təkrar gündəmə gəlir. Yenə səbəb olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə digər dövlət qurumlarına səsgücləndiricilərlə bağlı daxil olan şikayətlərdən bəhs edilir. Azərbaycanda səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında fərmana əsasən tənzimlənir. Fərmana əsasən, bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Fərmanda normaların xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmədiyi və mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməli olduğu qeyd edilib. Bu normaların şamil edildiyi məkanlar sırasında ibadət yerləri və ya məscidlərin adı çəkilmir.
Bu iddianın 2019-cu ildə Türkiyədə yayıldığına dair xəbərlər mövcuddur. Həmin dövr Qafqaz Müsəlmanlar İdarəsi məlumatın yanlış olduğunu bildirib, xəbərin köhnə olduğunu və yeni bir xəbər kimi paylaşıldığını deyib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi mövzu ilə bağlı Teyitə verdiyi açıqlamada, azanın Azərbaycan Resupublikası qanunvericiliyində müəyyən olunmuş normalar daxilində səsgücləndiricilər vasitəsilə verilə biləcəyini bildirdi. Bundan əlavə, Komitə apardığı monitorinqlərə əsasən azanın verilməsinə məhdudiyyətlərin qoyulmasının qeydə alınmadığını da açıqladı.
Normativ hüquqi aktların vahid internet elektron bazasında Azərbaycanda azanın səsgücləndiricilər vasitəsilə verilməsini qadağan edən və qüvvədə olan bir qərar mövcud deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmi internet səhifəsində və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi internet səhifəsində bu haqda xəbər yoxdur. İddia yanlış məlumatın yeddi növündən biri olan uydurma deyə bilərik.