Üzərində Məhəmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri əks olunan avro əskinaslar sosyal medyada Avropa Mərkəzi Bankı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə çap edildiyi yazılaraq paylaşılıb. Keçən il bu iddia xəbər saytlarında gündəmə gəlmişdi.
13 may tarixində paylaşılan foto 1 dörd yüzə yaxın istifadəçi tərəfindən bəyənildi və 90 dəfədən çox paylaşıldı.
Avropa Mərkəzi Bankının üzərində Məhəmməd Əmin Rəsulzadə və Nuru Paşanın şəkilləri əks olunan sıfır avroluq əskinaslar çap etdiyi iddiası doğru deyil. Foto ilə google-da axtarış etdiyimiz zaman bu əskinasların 0 Euro Bank Notes adlı bir şirkət tərəfindən xatirə məqsədli olaraq turistik bir əşya kimi çap edildiyi məlumatını əldə etmək mümkündür.
Bundan əlavə fotoda əskinaza diqqətlə baxdıqda üzərində yazılan EURO SOUVENİR ifadəsi əskinasların hədiyyə məqsədilə çap edildiyi işarəsini verir. Fransız mənşəli souvenir kəliməsindən törəyən Azərbaycan dilində də suvenir kimi istifadə edilən və yadigar hədiyyə mənasına gələn bu kəlimə şirkətin buraxdığı bütün 0 avro əskinazlarında əks olunub.
Avropa Mərkəzi Bankı sıfır avroluq əskinas çap etmir
Avropa Mərkəzi Bankının rəsmi veb saytındakı məlumatlara görə bank sıfır dəyərində əskinas çap etmir. Saytdakı məlumata əsasən əskinaslar İbrahim Gölgeli adlı şəxsin təşəbbüsü ilə 0 Euro Bank Notes adlı şirkət tərəfindən xatirə və ya hədiyyə məqsədiylə buraxılıb. Əskinaslar əksəriyyəti Azərbaycan və Türkiyədə satılmaq məqsədilə 10 min ədəd çap olunub.
Atatürkün şəkli olan əskinaslar da çap edilmişdi
Ötən il eyni şirkət yenə İbrahim Gölgeli təşəbbüsü ilə üzərində Atatürkün şəkli olan əskinaslar çap etmişdi.
Bu əskinasların şəkilləri Avropa Mərkəzi Bankının çap etdiyi iddiası ilə yayınlanmış və teyit.org tərəfindən bu iddia araşdırılmışdı. Araşdırmaya əsasən bu əskinaslar Avropa Mərkəzi Bankı tərəfindən çap edilməyib. Bankın icazəsi olub olmadığını yoxlamaq üçün teyit.org Avropa Mərkəzi Bankının mətbuat şöbəsi ilə əlaqə saxlamış lakin sözügedən şirkət haqqında məlumatı olmadıqları cavabını almışdı.
Mənbədə göstərilir ki, bu əskinasların çap edilməsi Avropa Mərkəzi Bankından rəsmi icazəsi olan Euro Banknote Memory (EBM) adlı şirkət ilə əməkdaşlıq çərçivəsində edilib. Çünki Banknote World adlı veb saytda da verilən məlumata əsasən sıfır avroluq əskinasların çapı Avropa Mərkəzi Bankının səlahiyyət verdiyi şirkətlər tərəfindən edilir. Bu “saxta pul çap etmək” ehtimalının qarşısını almaq üçün görülən tədbirdir.
Bütün faktlar Avropa Mərkəzi Bankının sıfır avroluq əskinas çap etmədiyini təsdiqləyir. Avropa Mərkəzi Bankının Azərbaycan Xalq Cümhuriyyəti şərəfinə üzərində Məhəmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri əks olunan 0 (sıfır) avroluq əskinas çap etdiyi iddiası yanlışdır. Bu əskinaslar hədiyyə və kolleksiya məqsədilə 0 Euro Bank Notes tərəfindən çap edilib.