Bəzi xəbərlərdə Avstriyada peyvənddən sonra ölənlərin sayının 63-ə çatdığı iddia edildi. Həmin xəbərlərdəki iddialara görə Avstriyadaki 57 ölüm halı Pfizer-BioNTech peydəndinə görə, 3 ölüm halı isə AstraZeneca peyvəndinə görə baş verib.
Peyvənd və ölüm halları arasında əlaqə yoxdur
Xəbərlərdə mənbə olaraq göstərilən TASS xəbər agentliyinin rəsmi saytında mövzu ilə bağlı xəbəri tapmaq mümkündür. Lakin TASS xəbər agentliyindəki xəbərdə verilən bir çox vacib məqama həmin xəbərlərdə yer verilməyib. Belə ki, xəbər Avstriya Federal Səhiyyə Ofisinə istinadən hazırlanıb. TASS-ın xəbərində bildirilir ki, Avstriya Federal Səhiyyə Ofisi açıqlamasında ölümlər ilə peyvəndlər arasında hər hansı bir əlaqənin aşkarlanmadığını vurğulayıb. Eləcə də xəbərdə peyvəndlər ilə ölüm halları arasında əlaqə olub olmadığına dair araşdırmanın hələ də davam etdiyi bildirilib. Yəni ölüm hallarına peyvəndin səbəb olduğuna dair sübut mövcud deyil.
TASS-ın xəbərdə istinad etdiyi Avstriya höküməti tərəfindən yayımlanan hesabatı açar sözlər istifadə edərək tapmaq mümkündür. Hesabat, peyvəndin Avstriyada tətbiq edilməyə başladığı 27 dekabr 2020 tarixindən 2 aprel 2021 tarixinədək qeydə alınan 18 min 63 yan təsirlərdən bəhs edir. Xəbərdə yer verilən 63 ölüm halına dair paraqrafı da Google Translate istifadə edərək tapmaq mümkündür.
Bu paraqrafda ölüm halları ilə peyvənd arasında hər hansı bir əlaqə olduğuna dair sübut tapılmadığı, bəzi ölüm halları üçün araşdırmanın hələ də davam etdiyi vurğulanıb.
Peyvəndə görə qeydə alınan ölüm halı yoxdur
Avstriyada Covid-19 əleyhinə tətbiq olunan peyvəndlər Moderna, Oxford/AstraZeneca və Pfizer/BioNTech-dir. Avstriya hökümətinin rəsmi saytına girdikdə Covid-19 əleyhinə peyvəndlərlə bağlı yayılan yanlış məlumatlara faktlarla cavab verildiyini görmək mümkündür. Burada verilən məlumata əsasən peyvənd ilə əlaqədar indiyədək ölüm halı qeydə alınmayıb. Belə ki, ilk mərhələdə peyvənd vurulan və risk qrupunda olan 80 yaş və üzəri olan vətəndaşlarda peyvənddən bir həftə sonra hər min nəfərdə 3,5 ölüm halı gözləniləndir. Bu ölüm hallarının peyvəndlə əlaqəsi olmadığı və statistikaya əsasən həmin yaş qrupundakı hər 290 nəfərdən birinin peyvənd olmasa belə bir həftə içində ölmə ehtimalı olduğu qeyd olunub.
ÜST tərəfindən təhlükəsiz olduğu təsdiqlənən peyvəndlərdən Pfizer/BioNTech-in və Oxford/AstraZeneca-nın nə Avstriyada nə də başqa bir ölkədə ölümə səbəb olduğuna dair fakt yoxdur. Peyvəndlər ölümcül virusdan qorunmaq üçün vacib və təhlükəsizdir. Ümumdünya Səhiyyə Təşkilatının direktoru 12 mart 2021 tarixində verdiyi açıqlamasında indiyədək Covid-19 peyvəndlərinə bağlı ölüm faktının qeydə alınmadığını deyib və virusun 2,6 milyondan çox insanın ölümünə səbəb olduğunu vurğulayıb.
Avropa Dərman Agentliyi tərəfindən verilən son açıqlamada Avstriyada da vurulan AstraZeneca peyvəndinin yan təsirləri arasına çox nadir görülən bir təsir olaraq qan laxtalanmasının da əlavə edilməsinə qərar verib. Eləcə də Ümumdünya Səhiyyə Təşkilatının 7 aprel 2021 tarixli açıqlamasında AstraZeneca ilə qan laxlatalanma halları arasında əlaqə olub olmadığınına dair araşdırmanın davam etdiyi bildirilib. Qurum bu peyvəndi vurduran 200 milyon şəxs arasında sadəcə çox az sayıda laxtalanma halının qeydə alındığını vurğulayaraq araşdırılan bu halların çox nadir olduğunu da qeyd edib.