Sosial şəbəkədə yayılan paylaşımlarda Azərsu ASC-nin mətbuat konfrasında qurumun sözcüsü Anar Cəbrayıllının jurnalistin “Kanalizasiya sistemi olmayan ərazilərdə niyə kanalizasiya pulu yığılır?” sualına “Sən nə çox sual verdin” deyərək cavablandırdığı iddia olunub.
Anar Cəbrayıllı bütün sualları cavablandırıb
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar 2021-ci ildə aldığı qərara əsasən “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində” təsdiq edilib. 1 fevral 2021-ci il Azərsu ASC tərəfindən keçirilən mətbuat konfrasında, qurumun sözçüsü Anar Cəbrayıllı, İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov, Planlaşdırma və Layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli və jurnalistlər iştirak edib. Həmin gün canlı yayınlanan mətbuat konfransının videolarını tapmaq mümkündür.
Bu videonu izlədikdə, sözügedən sualın Anar Cəbrayıllıya videonun 31-ci dəqiqəsində ünvanlandığını görmək mümkündür. Jurnalistin “kanalizasiya xətti olmayan ərazilərdə sakinlərdən mexanik sayğaclarda kanalizasiya pulu alınır və smart kartlardan fərqlidir” sualını qurumun sözçüsü cavablandırır.
Anar Cəbrayıllının “sən çox sual verdin bu gün” cümləsi isə kanalizasiya sualından imtina etmək üçün qurulan bir cümlə deyil. Mətbuat konfrasınına aid videonu izlədikdə, kanalizasiya xətti ilə bağlı sualı cavablandırıldıqdan sonra konfransdakı başqa bir jurnalistin “sonuncu sualı verə bilərəm” deməsinin ardından qurumun sözçüsü həmin ifadəni işlətsə də bunu sualdan imtina etmək üçün demir, “buyur” “nə ilə bağlıdır” kimi sözlər də deyərək jurnalistin sualını dinləyir və cavablayır.