Sosial mediada paylaşılan bir fotodakı iddiaya əsasən Almaniyada alimlər bitkilərin DNT-sindən istifadə edərək qaranlıq küçələri işıqlandırmaq üçün işıq dirəklərinin əvəzinə keçəcək parıldayan ağaclar yaratmağa başlayıblar.
Studio Roosegaarde-da genetikası dəyişdirilmiş parıldayan ağaclar yaradılmır
Fofonu əks axtarış üsulu araşdırdıqda 2014-cü ilə aid xəbərlərə rast gəlirik. Həmin ilə aid müsahibələrdən fotonun alman alimlər tərəfindən hazırlanan ağacları deyil, hollandiyalı dizayner Daan Roosegaarde tərəfindən hazırlanan dizaynı göstərdiyini öyrənirik. Roosegaarde müsahibələrində küçələri işıqlandıra biləcək ağaclarla bağlı xəyalından bəhs edib. Müsahibəni izlədikdə onun Bioglow adlı şirkətin məhsulu olan Starlight Avatar adlı bitkidən ilhamlandığını görürük.
Dizaynerin qurduğu şirkət Studio Roosegaarde-da Glowing Nature adında layihə mövcuddur. Layihə çərçivəsində bioloji boyadan istifadə edərək sərgilər həyata keçirirlər. Layihənin səhifəsində hədəflərindən birinin küçələri işıqlandıra biləcək dizaynlar üzərinə işləmək olduğu qeyd edilib.
Layihə rəhbərinin müsahibələrinə baxdıqda, bəzi Avropa ölkələrində Genetikası Dəyişdirilmiş Orqanizmlərin qadağan edildiyi və yaxud monitorinqi aparıldığı üçün şirkətin bioloji boyadan istifadə etdiklərini bildirib. Yəni Glowing Nature layihəsində bitkilərin genetikası dəyişdirilərək parıldayan ağaclar hazırlanmır.
Gen mühəndisliyini tətbiq edən iki şirkət də parıldayan ağaclar yaratmayıb
Parıldayan bitkilər üzərinə işləyən fərqli layihələr həyata keçirilib. Bu layihələr arasında gen mühəndisliyindən istifadə edənləri araşdırdıqda qarşımıza çıxanlardan biri Kickstarter-də yaradılmış "Glowing Plants" layihəsidir. Bu layihənin 484 min dollar pul yığmasının ardından, ekoloqların etirazları nəticəsində Kickstarter GDO əsaslı layihələrin maliyyələşdirilməsini platforma üzərində qadağa edib. Layihə yaradıcılarından biri eyni zamanda biotexnologiya şirkəti Genome Compiler-ın qurucularındandır. Şirkətin saytı hazırda işləmir və açıq məlumatlar əsasında fəaliyyətini dayandırdığını görürük.
Digər gen mühəndisliyindən istifadə edən və hollandiyalı dizaynerin ilhamlandığı şirkət Bioglow-un saytı da işləmir. Saytın arxivlərini araşdırdıqda, 2014-cü ildə Starlight Avatar adında parıldayan bitkiləri satışa çıxardığını öyrənirik.
Lakin bu məhsul haqqında detallı məlumat səhifəsini oxuduqda, bu bitkilərin 1-2 ay ömrü olduğunu, qaranlıq yerlərdə bir müddət sonra parıldamağa başladığını, gənc insanların yaşlılara nisbətən parıltını daha tez görəcəkləri, günəş işığına məruz qalmamalı olduğu qeyd edilib. Şirkət küçə işıqlarının yerinə keçə biləcək ağaclar istehsal etməyib. Texniki olaraq sadalanan xüsusiyyətlər də belə bir ağacın hazırlanması üçün əlverişli deyil. Şirkət 2016-cı ildə fəaliyyətini dayandırıb.
Eləcə də Avropada bir çox ölkədə o cümlədən Almaniyada Genetikası Dəyişdirilmiş Orqanizmlər qanunla qadağan edilib.
İddia daha əvvəl fakt yoxlama qurumu Snopes tərəfindən də araşdırılıb.