Xəbər saytları və sosial şəbəkələrdə Ermənistan Baş naziri Nikol Paşinyanın 22 fevral 2021-ci ildə silahlı hücuma məruz qaldığı və xəsarət alaraq yaralandığına dair iddialar paylaşıldı. Bəzi saytlar isə sərlövhədə Paşinyanın öldürüldüyünə dair ifadələr istifadə etdi, bəzi saytlarda isə öldüyü xəbəri verildi.
Lakin iddialar doğru deyil, 22 fevral 2021-ci ildə Nikol Paşinyana sui qəsd edildiyi və yaralandığına dair açıqlama və ya xəbər mövcud deyil.
Rəsmi mənbələrdə belə bir açıqlama yoxdur
22 fevral 2021-ci il, bazarertəsində baş verdiyi iddia olunan hadisə ilə bağlı açar sözləri istifadə edərək axtarış motolarında, Ermənistanda fəaliyyət göstərən media qurumlarının saytlarında və beynəlxalq medya qurumlarının saytlarında axtarış etdikdə əlaqədar bir açıqlama və ya xəbər olmadığını görürük. İddiaya dair bir açıqlama olub olmadığını yoxlamaq üçün Ermənistan hökümətinin rəsmi internet səhifəsinə ingilis dilində və erməni dilində baxdıqda da bu mövzu ilə bağlı hər hansı bir açıqlama olmadığını görürük.
Ermənistan baş nazirinin rəsmi internet səhifəsinə də nəzər keçirdikdə isə görürük ki, bu haqda bir açıqlama mövcud deyil. Nikol Paşinyanın rəsmi Facebook və Twitter səhifələrində də həmçinin iddia edildiyi kimi bir hücuma məruz qaldığı haqqında hər hansı bir paylaşım yoxdur.
Həmin gün keçirilən iclasdan görüntülər mövcuddur
Eləcə də Ermənistan baş nazirinə silahlı hücum olduğu və hadisə nəticəsində xəsarət alaraq yaralandığı iddiasının yayıldığı tarixlərdə Ermənistanda Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarına dair xəbərlər görmək mümkündür. Bu xəbər videolarında Paşinyanın etirazçıların şüarları altında hökümət binasına giriş-çıxış etdiyini, fiziki olaraq yaralı yox, normal göründüyünü videolardan anlamaq olur.
Bundan əlavə rəsmi Facebook səhifəsində digər hökümət rəsmiləri ilə keçirdiyi bir iclasdan olan kadrlarda da yaralı olmadığı kimi hər hansı bir silahlı hücuma dair xəbər paylaşmadığını görürük.
Eləcə də Ermənistan baş nazirinin rəsmi internet səhifəsində Paşinyanın silahlı hücuma məruz qaldığı iddia edilən gün yəni 22 fevral 2021-ci ildə Polis İslahat Birliyi ilə görüş keçirdiyinə dair mətbuat açıqlaması mövcuddur. Bu mətbuat açıqlamasında Paşinyana qarşı edilmiş hərhansı bir silahlı hücumdan bəhs edilmədiyi kimi açıqlamada iclasda çəkilmiş fotolara da yer verilib.
Nikol Paşinyanın maşınına silahlı hücum olduğu iddiasına dair bəzi paylaşımlarda istifadə edilən fotonu da araşdırdıq. Fotonu Yandex axtarış motorunda əks axtarış üsulu ilə araşdırdıqda köhnə tarixli olduğunu və 2020-ci ilin dekabr ayında Nikol Paşinyanın istefasının tələb edildiyi etiraz aksiyalarına dair xəbərlərdə istifadə edildiyini görürük.
Digər yandan iddiaların bir çoxu Anna Baghdasaryan adlı bir internet istifadəçisinə istinadən verilib. Bu adda isosial şəbəkələrdə araşdırdıqda erməni dilində və ya ingilis dilində hamıya açıq bir paylaşım tapa bilmədik.
Eləcə də eyni adda olan ermənistanlı jurnalist Anna Baghdasaryanın Facebook və Twitter hesablarında hamıya açıq paylaşımlarına nəzər yetirdikdə sözügedən iddianı paylaşmadığını və son paylaşımların zəlzələ ilə bağlı olduğunu görürük.