Sosial mediada yayılan və ANS TV xəbərini göstərən kadrların bu gün pandemiyaya səbəb olmuş koronavirusun səkkiz il əvvəldən var olduğunu göstərdiyi iddia edildi. İddia edilən paylaşımlarda virusun adı spesifik olaraq vurğulanmasa da qəsd edilənin aktual pandemiyaya səbəb olan SARS-CoV-2 olduğu aydındır. Sosial media kanallarında geniş şəkildə yayılmış video, illərdir var olan virusun niyə indi pandemiyaya çevrildiyi sualları və pandemiyanın planlanmış olduğu kimi konspirasiya nəzəriyyələri ehtiva edən reaksiyalara səbəb olub.
Xəbərdə bəhs edilən Covid-19 deyil, MERS-CoV-dur
Videoda bəhs edilən koronavirus 2019-cu ildə ortaya çıxan bütün dünyada pandemiyaya çevrilən SARS-CoV-2 deyil. Xəbərdə bəhs edilən virus 2012-ci ildə ortaya çıxan və koronavirus ailəsinə mənsub və Yaxın Şərq Tənəffüs Sindromu (MERS) xəstəliyinə səbəb olan Yaxın Şərq Tənəffüs Sindromu koronavirusudur (MERS-CoV). İlk dəfə Səudiyyə Ərəbistanında 2012-ci ildə aşkarlanan MERS-CoV ilə bağlı Azərbaycanda yoluxma qeydə alınmayıb.
Mənbə: European Centre for Disease Prevention and Control
Koronaviruslar 1960-cı illərdən bəri müəyyən edilib. 2019-cu ilin sonlarında aşkarlanan SARS-CoV-2 də, 2002-ci ilin sonlarında aşkarlanan SARS-CoV-1 də, xəbərdə bəhs edilən və 2012-ci ildə aşkarlanan MERS-CoV da bu virus ailəsinə mənsubdur.
Xəbərdə bəhs edilən MERS-CoV, hazırda pandemiyaya çevrilən SARS-CoV-2 (Covid-19) kimi geniş yayılmamışdı. MERS-CoV-un insandan insana yoluxma nisbəti də Covid-19-a nisbətən daha az idi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da MERS-CoV üçün insandan insana yoluxma hallarının məhdud olduğunu və indiyədək tibb işçiləri, xəstə yaxınları və ailə üzvləri kimi çox yaxın təmaslarda aşkarlandığını bildirib.
2021-ci il 7 may tarixinə qədər MERS-CoV ilə bağlı İran, Yəmən, Birləşmiş Ərəb Əmirliyi daxil dünyada 2.589 yoluxma və 940 ölüm faktı qeydə alınıb.